BAKI, 27 fevral. TELEQRAF

Prezident Volodimir Zelenski Ukrayna üçün təhlükəsizlik zəmanəti olmadan ABŞ ilə müqavilə imzalamayacaq.

Teleqraf xəbər verir ki, bu barədə “The Economist” Ukraynanın hökumət mənbələrinə istinadla məlumat yayıb.

Nəşr bildirir ki, Zelenski ABŞ ilə Ukrayna üçün geniş təhlükəsizlik təminatlarını nəzərdə tutmayan faydalı qazıntılar üzrə sazişi imzalamağı planlaşdırmır.

Hazırda razılaşmanın böyük hissəsi, xüsusən də Amerikanın Ukraynanın nadir metal mədənlərinin istismarı ilə bağlı yaradılacaq fonda necə nəzarət edəcəyi və onun idarəetmə mexanizmlərinin necə olacağı məlum deyil. ABŞ Prezidenti Donald Tramp fondun Amerika qanunları ilə fəaliyyət göstərməsini istəyir. Kiyev bununla razılaşmır.

Bundan əlavə, "The Economist" vurğulayır ki, saziş Trampın Ukraynadan tələb etdiyi 500 milyard dollarlıq təzminatdan çox az olacaq. Bu məbləğ xeyli şişirdilib, hesablamalara görə, ABŞ-nin Ukraynaya hərbi-maddi yardımı 120 milyard dollardan bir qədər artıqdır.