BAKI, 24 iyul. TELEQRAF

Bu gün Qırğızıstan Prezidenti Sadır Japarov Çolpon-Ata şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin xarici işlər nazirləri ilə bir araya gəlib.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, S.Japarov ölkəsinin quruma sədrliyinin 25 illik yubiley ilinə təsadüf etdiyini diqqətə çatdırıb. O, terrorizm, narkotik vasitələrin qanunsuz dövriyyəsi və mütəşəkkil cinayətkarlıqla yalnız birgə səylərlə mübarizə aparmağın mümkünlüyünü vurğulayıb.

Dövlət rəhbəri Bişkekdə mütəşəkkil cinayətkarlığa qarşı qurum daxil olmaqla, təhlükəsizlik təhdidlərinə qarşı vahid mərkəzin yaradılmasını sürətləndirməyə çağırıb. Həmçinin ölkəsinin 2027–2028-ci illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini böyük məsuliyyət kimi dəyərləndirib.

S.Japarov nazirlərin Bişkekdə keçiriləcək sammitə hazırlıq məqsədilə siyasi, təhlükəsizlik, ticarət, nəqliyyat və sərmayə sahələrində vacib məsələləri müzakirə edəcəklərinə əminliyini bildirib.