BAKI, 23 iyul. TELEQRAF
Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının növbəti iclası iyulun 24-də Qırğızıstanın Çolpon-Ata şəhərində keçiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş ŞƏT-in yaradılmasının 25-ci ildönümündə baş tutacaq və Qırğızıstanın təşkilata sədrliyi çərçivəsində yüksək səviyyəli tədbirlərdən biri olacaq.
Tədbirdə ŞƏT-ə üzv dövlətlərin xarici işlər qurumlarının rəhbərləri, eləcə də təşkilatın daimi orqanlarının nümayəndələri iştirak edəcəklər.
Beynəlxalq və regional gündəlikdəki cari məsələlər, eləcə də ŞƏT çərçivəsində çoxşaxəli əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunacaq. ŞƏT məkanında sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə, ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsinə, mədəni-humanitar əlaqələrin dərinləşdirilməsinə və təşkilatın fəaliyyətinin səmərəliliyinin artırılmasına xüsusi diqqət yetiriləcək.