BAKI, 4 iyul. TELEQRAF

“Rusiya Avropa İttifaqının (Aİ) düşməni deyil və ona hücum etmək niyyətimiz yoxdur”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədr müavini Konstantin Kosaçev TASS-a müsahibəsində Ukrayna məsələsinin həllindən sonra Aİ ilə normal turizm münasibətlərinin bərpasının mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib.

“Bəli, hər şey mümkündür. Biz Avropa İttifaqının düşməni deyilik, heç vaxt Rusiya vətəndaşlarının turizm, mədəniyyət, elm, biznes və ya hansısa digər məqsəd üçün Aİ ölkələrinə səyahətlərinin qarşısını süni şəkildə almağa çalışmamışıq”, - o bildirib.

Kosaçev əlavə edib ki, Aİ Rusiya üçün hücum obyekti deyil:

“Aİ Rusiyanın Ukraynadan sonra guya Baltikyanı ölkələr (Latviya, Litva və Estoniya - red.), sonra Polşa, hətta Portuqaliyaya hücum edəcəyini iddia etməklə özünü qorxudur. Əlbəttə, belə bir şey yoxdur. Avropa ölkələri ilə normal və mehriban qonşuluq münasibətlərini qorumağa hazırıq”.