BAKI, 11 iyun. TELEQRAF
Qazaxıstanda cinsi zorakılıq hallarını araşdırmaq üçün qadın müstəntiqlər təyin ediləcək.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin daxili işlər nazirinin müavini Sancar Odilov məlumat verib.
O bildirib ki, yenilik zərərçəkənlər üçün əlavə psixoloji travmanı azaltmaq və istintaq orqanlarına inamı artırmaq məqsədi daşıyır.
Daxili işlər nazirinin müavini həmçinin Cinayət Məcəlləsinin məcburi nikahla bağlı yeni maddəsinin tətbiqi mexanizmini izah edib. Sancar Odilovun sözlərinə görə, belə işlərdə həm qadın, həm də kişi zərərçəkmiş ola bilər. Burada nikaha daxil olma tələbi, o cümlədən qadının hamilə olması halında belə, cinayət tərkibi yaratmır.
“Əgər qadının özü ilə evlənmə tələb etdiyi klassik vəziyyəti götürsək, onda əlavə olaraq, qadın və yaxınları tərəfindən təhdidlər və ya zorakılıq olmalıdır. Başqa hallarda isə bu, vətəndaş münasibətidir”, - o izah edib.
Odilov dəqiqləşdirib ki, hazırda Qazaxıstanda nikaha məcburetmə maddəsi üzrə qadının şübhəli şəxs olduğu cinayət işləri qeydə alınmayıb.