BAKI, 10 iyun. TELEQRAF
Özbəkistan 2030-cu ilə qədər geologiya və mədən sənayesinə 30 milyard dollar investisiya cəlb etməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, ölkə növbəti beş ildə qızıl ehtiyatlarını 879 ton, gümüş ehtiyatlarını 510 ton və mis ehtiyatlarını 676 min ton artırmağı hədəfləyir.
Özbəkistan buna nail olmaq üçün milli geoloji məlumat bazasının yaradılması və süni intellekt texnologiyalarının tətbiqini planlaşdırılır.
36 000-dən çox hesabat və məlumatlar rəqəmsallaşdırılacaq. Mütəxəssislər bunun geoloji məlumatların yaradılması, yataqların modelləşdirilməsi və ehtiyat hesablamalarının keyfiyyətini və sürətini ikiqat artıracağını təxmin edirlər.
Hesab olunur ki, süni intellekt texnologiyaları geoloji məlumatların təhlilini sürətləndirəcək, mineral yataqlarını proqnozlaşdıracaq, ehtiyatları qiymətləndirəcək və qazma səmərəliliyini artıracaq. Buna görə də, geoloji kəşfiyyat prosesinin bütün mərhələlərində süni intellekt əsaslı həll yollarının tətbiqi planlaşdırılır.