BAKI, 7 aprel. TELEQRAF

Özbəkistan Prezident Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva Vaşinqtonda ABŞ-Özbəkistan Biznes və İnvestisiya Şurasının həmsədri səfir Serxio Qor ilə görüşüb.

Teleqraf xəbər verir ki, görüş şuranın rəsmi fəaliyyətə başlaması ərəfəsində baş tutub.

İki ölkə arasında biznes əməkdaşlığının əsas məsələləri müzakirə olunub.

“Bu struktur Özbəkistan və ABŞ arasında işgüzar əlaqələrin daha da gücləndirilməsi üçün təsiredici platformaya çevriləcək. Ölkələrimizin prezidentlərinin güclü siyasi iradəsi bunun üçün möhkəm təməl yaradır”, - Səidə Mirziyoyeva bildirib.

Mirzioyevanın sözlərinə görə, aprelin 6-da Vaşinqtonda ABŞ-Özbəkistan Biznes və İnvestisiya Şurası rəsmi olaraq fəaliyyətə başlayıb:

“Bu, ölkələrimizin sahibkarları arasında əlaqələri gücləndirmək üçün yaradılmış platformadır. Şura birgə biznes ambisiyaları üçün möhkəm institusional əsas təmin etməyi hədəfləyir. Görüşün nəticəsi olaraq qarşılıqlı anlaşma memorandumu imzalanıb.

Şuranın yaradılması hər iki ölkənin prezidentləri arasında yüksək etimad səviyyəsi sayəsində mümkün olub. Şuranın həmsədri, səfir Serxio Qorun qeyd etdiyi kimi, son bir ildə ABŞ Mərkəzi Asiyada strateji tərəfdaşlığın gücləndirilməsi istiqamətində niyyətlərinin ciddiliyini əməli şəkildə sübut edib”.

Xatırladaq ki, Prezident Administrasiyasının rəhbəri aprelin 6-da da Mar-a-Laqoda Serxio Qor ilə görüşmüşüdü. Görüşdə çəkilən fotoda Serxio Qordan əlavə, Prezident Donald Trampın qızı Tiffani və əri Maykl Bulos da yer alıb.

ABŞ-Özbəkistan Biznes və İnvestisiya Şurası 2025-ci ilin noyabr ayında təşkil olunub. Burada ABŞ tərəfinə Serxio Qor, Özbəkistana isə Səidə Mirziyoyeva həmsədrlik edəcək.