BAKI, 20 mart. TELEQRAF
Cənubi Koreyanın Tedjon şəhərində yerləşən avtomobil ehtiyat hissələri zavodunda güclü yanğın baş verib. Hadisə nəticəsində azı 50 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Teleqraf xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Yonhap" agentliyi məlumat yayıb.
Bildirilib ki xəsarət alanlardan 35-nin vəziyyəti ağır olaraq qiymətləndirilir. Hadisəyə ölkənin Baş naziri Kim Min Sok dərhal reaksiya verərək xüsusi tapşırıqlar verib. O, yerli fövqəladə hallar xidmətlərinə yanğınla mübarizə üçün bütün mövcud vasitələrdən və şəxsi heyətdən tam istifadə etməyi tapşırıb.
Yanğın yerli vaxtla təxminən saat 13:17 radələrində başlayıb. Yanğının söndürülməsinə 240 nəfərlik şəxsi heyət və 70-ə yaxın xüsusi texnika cəlb olunub.
Hazırda yanğınsöndürənlər alovun qarşısını almağa çalışır, yaralıların təxliyəsi və onlara tibbi yardımın göstərilməsi prosesi davam edir. Yanğının başvermə səbəbləri barədə hələlik rəsmi məlumat verilməyib.