BAKI, 15 mart. TELEQRAF

Qazaxıstanda yeni konstitusiya ilə bağlı keçirilən referendumda seçici fəallığı yerli vaxtla saat 14:00-a olan məlumata görə 51,93% təşkil edib. Qanunvericiliyə əsasən, bu göstərici referendumun baş tutmuş hesab edilməsi üçün kifayətdir.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Referendum Komissiyasında keçirilən brifinqdə məlumat verilib.

Komissiyanın katibi Şavkat Ötəmisovun təqdim etdiyi statistikaya əsasən, hazırkı vaxta qədər 6 471 378 vətəndaş səsvermə hüququndan istifadə edib.

Qazaxıstanın "Respublika referendumu haqqında" konstitusiya qanununa uyğun olaraq, siyahıya daxil edilmiş vətəndaşların yarıdan çoxu (50%-dən çoxu) səsvermədə iştirak etdikdə referendum baş tutmuş sayılır.

Qeyd edək ki, bu referendum üçün seçici siyahılarına ümumilikdə 12 461 796 vətəndaş daxil edilib. Beləliklə, səsvermənin başa çatmasına hələ bir neçə saat qalmış lazımi yetərsay təmin olunub.

Səsvermə prosesi ölkə boyu davam edir.