BAKI, 16 fevral. TELEQRAF
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin bu həftə Vaşinqtonda keçiriləcək Sülh Şurasının ilk iclasında iştirakı gözlənilir.
Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan KİV məlumat yayıb.
Məlumata görə, Sülh Şurasının ilk iclası dünyada mövcud geosiyasi problemlər və münaqişələrin sülh yolu ilə həlli mexanizmləri və dövlətlər arasında əməkdaşlığın daha da gücləndirilməsi məsələlərinin müzakirəsi üçün beynəlxalq platforma rolunu oynayacaq.
Tədbirdə dövlət və hökumət başçıları, beynəlxalq təşkilatlar və diplomatik dairələrin nümayəndələrinin iştirakı gözlənilir. İclasın gündəliyinə qlobal təhlükəsizliyə təsir edən əsas amillər, humanitar əməkdaşlıq, davamlı inkişaf və etimadın artırılması tədbirləri daxil olacaq.
Prezident Şavkat Mirziyoyevin konfransda iştirakının Özbəkistanın beynəlxalq sülh və sabitliyin təmin edilməsinə yönəlmiş təşəbbüslərdə fəal iştiraka hazır olduğunu bir daha nümayiş etdirəcəyi gözlənilir.
Səfər zamanı ikitərəfli görüşlər və bir sıra beynəlxalq əməkdaşlıq məsələləri də müzakirə oluna bilər.