BAKI, 29 noyabr. TELEQRAF
Çin Xalq Respublikasının sədri Si Cinpin ölkədə internetin idarə olunması üzrə uzunmüddətli mexanizmin yaradılmasını tapşırıb.
Teleqraf xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumata görə, Si Cinpin blogerlərin və onlayn platformaların fəaliyyətinə nəzarətin sərtləşdirilməsini tələb edib.
O bildirib ki, "şəbəkə xaosu" ilə mübarizədə qətiyyət göstərilməli, qanun pozuntularına qarşı sərt tədbirlər görülməli, maraq əlaqələri zəncirləri qırılmalı və onların yaranmasına şərait yaradan səbəblər aradan qaldırılmalıdır.
Dövlət başçısı internet platformaları, şəxsi bloqlar və influenserlərin hesablarını idarə edən MCN agentliklərinin fəaliyyətinə nəzarətin artırılmasını vacib sayıb. Onun sözlərinə görə, bu qurumlar sosial məsuliyyət daşımalı və cəmiyyətə pozitiv məzmun təqdim etməlidir.
Si Cinpin həmçinin süni intellekt və böyük məlumatların inkişafı ilə bağlı yaranan çağırışlara diqqət çəkib. O, bu sahədə risklərin təsnifatı və məlumatların qorunması mexanizmlərinin təkmilləşdirilməsi barədə tapşırıq verib.