BAKI, 12 noyabr. TELEQRAF

2025-ci ilin sentyabr ayına olan məlumata görə, Xəzər dənizinin Qazaxıstan hissəsində suyun orta səviyyəsi 29,31 m-ə düşüb və son 18 ildə onun sahəsi 36 min kv.km. azalıb.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan KİV məlumat yayıb.

Bildirilib ki, bu ilin sentyabrında Qazaxıstandakı müşahidə stansiyaları dənizin şimal-şərq hissəsində orta səviyyəni 29,15 m, şərq hissəsində isə 29,46 m olaraq qeydə alıb. Ümumilikdə, Qazaxıstan üzrə orta səviyyə 29,31 m-dir. Ötən illə müqayisədə dəniz səviyyəsi şimal-şərq hissəsində 20 sm, şərq hissəsində isə 17 sm azalıb.

“Səviyyənin enməsi nəticəsində dənizin səth sahəsi azalıb. Əsasən şimal-şərq hissə dayazlaşır. Rusiya Dövlət Okeanoqrafiya İnstitutunun məlumatına görə, 2006-cı ildən 2024-cü ilə qədər dənizin səthi 36,6 min kv.km azalıb, yəni 392,3 min kv.km-lik sahədən 355,7 min kv.km-ə enib. Bu müddət ərzində Xəzərin Qazaxıstan hissəsində səviyyə 2,13 m aşağı düşüb (27,07 m-dən 29,20 m-ə qədər)”, - məlumatda vurğulanıb.

Əlavə edilib ki, bu səbəbdən Xəzər dənizinin dayaz şimal-şərq hissəsi sürətlə quruyur. Qazaxıstan ərazisində sahil xətti bəzi yerlərdə 30-35 km geri çəkilib.

Ən həssas bölgələr — Xəzər dənizinin şimal-şərq hissəsi - Jayık çayının deltası və Manqistau vilayətinin sahilboyu əraziləridir.