BAKI, 21 oktyabr. TELEQRAF
Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Əfqanıstan Nazirlər Kabineti sədrinin iqtisadi məsələlər üzrə müavini Əbdülqəni Bəradərlə görüşüb.
Teleqraf xəbər verir ki, tərəflər iki ölkə arasında əməkdaşlığın hazırkı vəziyyətini və perspektivlərini müzakirə ediblər.
Bildirilib ki, Türkmənistan və Əfqanıstan ticarət, enerji, nəqliyyat, rabitə sahələrində tərəfdaşlıq əlaqələri inkişaf etdirir.
Birgə layihələrə - Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan qaz kəmərinin, o cümlədən Türkmənistan-Əfqanıstan-Pakistan marşrutu üzrə elektrik ötürücü və fiber-optik kommunikasiya xətlərinin tikintisinə xüsusi diqqət yetirilib.
Əbdülqəni Bəradər Türkmənistan tərəfinə göstərdiyi dəstəyə və müntəzəm humanitar yardıma görə minnətdarlığını bildirib. O, Türkmənistanla mehriban qonşuluq münasibətlərinin Əfqanıstan üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb.
Görüşdən sonra tərəflər müxtəlif sahələrdə əməkdaşlığı davam etdirməyə və iki xalq arasında əlaqələri möhkəmləndirməyə hazır olduqlarını təsdiqləyiblər.