BAKI, 21 oktyabr. TELEQRAF

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPI) qaz kəməri layihəsinə verdiyi dəstəyə görə ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.

Teleqraf xəbər verir ki, o, Sərhədabad-Herat marşrutunun yeni mərhələsinin açılışı münasibətilə keçirilən mərasimdə ABŞ-nin TAPI qaz kəməri layihəsini dəstəkləyən ilk ölkələr sırasında olduğunu deyib.

Berdiməhəmmədov qeyd edib ki, müstəqillik illərində Türkmənistan və ABŞ arasında ikitərəfli münasibətlər yüksək səviyyədə inkişaf edib, ticarət, investisiya və işgüzar əlaqələri əhatə edir.

“Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa ölkəmizdə keçirilən beynəlxalq tədbirlərə verdiyi dəstəyə, təbrik mesajına və TAPI qaz kəməri layihəsinin həyata keçirilməsində köməyə görə səmimi təşəkkürümü bildirirəm”, - Türkmənistan lideri vurğulayıb.