BAKI, 19 sentyabr. TELEQRAF
Türkmənistanın səhiyyə və tibb sənayesi nazirinin müavini Azat Ovezovun rəhbərlik etdiyi nümayəndə heyəti Avstriyanın paytaxtı Vyanada keçirilən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) sessiyasında iştirak edib.
Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Təqdimat zamanı Türkmənistan tərəfi agentliklə əməkdaşlığın əsas istiqamətlərini açıqlayıb və ərzaq təhlükəsizliyi, su ehtiyatlarının idarə edilməsi və səhiyyə sahələrində birgə layihələrin həyata keçirilməsi planlarını təqdim edib. Bu il qeyd olunan Türkmənistanın daimi neytrallığının BMT tərəfindən tanınmasının 30-cu ildönümünün əhəmiyyəti xüsusilə vurğulanıb.
Səfər çərçivəsində AEBA baş direktorunun müavini Liu Hua ilə görüş keçirilib. Tərəflər Texniki Yardım Proqramı çərçivəsində əməkdaşlıq, o cümlədən nüvə enerjisindən dinc məqsədlərlə istifadə üçün milli infrastrukturun yaradılması, radioaktiv tullantıların idarə edilməsi, Türkmənistanın agentliyin mövcud və gələcək layihələrində iştirakını müzakirə ediblər.