BAKI, 18 aprel. TELEQRAF
Çin Tayvanın işğalına hazırlaşarkən, müasir müharibənin reallıqlarını daha yaxşı anlamaq üçün öz ordusunu Ukrayna cəbhəsinə göndərir.
Teleqraf xəbər verir ki, bu barədə “The Hill” yazır.
Məqalədə müəllifi Qordon Çanq məqaləsində yüzlərlə Çin vətəndaşının Rusiya ordusunun sıralarında döyüşdüyü barədə Ukraynanın son rəsmi hesabatlarına istinad edib:
“Yəqin ki, bu insanlar muzdlulardır, birbaşa Çin hakimiyyəti tərəfindən göndərilməyiblər. Amma ötən gün “Reuters” yazıb ki, çinli zabitlər də cəbhədədir, hər iki tərəfin taktikası haqqında məlumat toplayırlar. Onlar bunu öz təşəbbüsləri ilə yox, sifariş əsasında edirlər”.
Amerikalı analitik Riçard Fişer Çanqla söhbətində söyləyib ki, Çin öz ordusunu gələcək müharibələrə daha yaxşı hazırlamaq üçün Rusiya-Ukrayna müharibəsi təcrübəsindən öyrənmək istəyir:
“Əgər Çin ordusu Ukrayna döyüş meydanının dərslərini yaxşı oxusa, Tayvanda sürətli qələbə şansını xeyli artıra bilər”.
Qordon Çanqa görə, cəbhədə olan çinli zabitlər nəinki müşahidə apara və hesabat hazırlaya, həm də rusiyalı həmkarlarına məsləhət verə bilərlər.
Rusiya ordusuna könüllü qoşulan yüzlərlə çinli muzdluya gəlincə, amerikalı ekspert Çarlz Burtonun sözlərinə görə, bu da Çin hökumətinin gizli razılığı ilə baş verib:
“Si Cinpin öz vətəndaşlarının Rusiya kimi yaxın tərəfdaşları ilə qarşılıqlı əlaqələrinə xüsusi diqqət yetirir. Xarici müharibədə döyüşmək üçün bir neçə yüz çinlinin ölkəni tərk etməsi Pekinin xəbərdar ola biləcəyi bir şeydir”.
Burton qeyd edib ki, Çinin yardımı Pekinin Tayvanla müharibəsində Rusiyanın sonradan ödəmək məcburiyyətində qalacağı bir borc ola bilər.