
BAKI, 12 mart. TELEQRAF
Martın 14-də Pekində Çin, Rusiya və İran xarici işlər nazirlərinin müavinləri arasında Tehranın nüvə proqramı ilə bağlı görüş keçiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Açıqlamada Çin, Rusiya və İran xarici işlər nazirlərinin müavinləri Ma Çaosyu, Sergey Ryabkov və Kazzım Qəribabadinin məsləhətləşmələrdə iştirak edəcəyi bildirilib.
“Tərəflər İranın nüvə problemi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar”, - Çinin diplomatik departamentindən deyilib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bundan əvvəl nüvə proqramını hərbiləşdirən İranı hədələyib.
Amerika lideri İranın heç vaxt nüvə silahı əldə edə bilməyəcəyini bəyan edib: “İran ya ABŞ ilə müqavilə bağlamalıdır, ya da tezliklə bu ölkəyə nəsə olacaq. Ümid edirəm ki, bu, razılaşma olacaq, amma problem digər variantlarla da həll edilə bilər”.