Teleqraf.com tanınmış şair Anar Aminin şeirlərini təqdim edir:
Arzudan asıla-asıla qaldıq
Neçə yol görüşmək istədik, nəsə
O görüş fəsildən fəsilə qaldı.
Hər dəfə xəyalən bir-birimizə
Sığınıb, qısıla-qısıla qaldıq...
Bəxt üzə gülmədi, üz göstərmədi,
Tale bir görüşü rəva görmədi,
Vaxt bizə nə fürsət, nə çəm vermədi,
“Of” dedik, kəsilə-kəsilə qaldıq...
Sevincə tamarzı, dərdə bələdik,
Nələr niyyət etdik, nələr dilədik...
Nəsə etməyəndə, arzu elədik,
Arzudan asıla-asıla qaldıq...
Dilim açar imiş...
Neçə yol o kəndə gəldim, qayıtdım,
Bahar yaşıl donun geyənə kimi.
Nə etdim, mən səni görə bilmədim,
Barlar budaqları əyənə kimi.
Budaqlar əyildi, barın yedilər,
Bilmirsən adamlar... bilsən, nədilər...
Səni xəbər aldım, belə dedilər:
“O qız bəyənməyə, bəyənə kimi...”
Sən məni bəyəndin, könlünə yatdım,
Qismətə məəttəl, taleyə matdım.
Min yol o dünyanı gördüm, qayıtdım,
Bir yol qapınızı döyənə kimi.
Döydüm qapınızı, susdum, kiridim,
Dilim açar imiş, ağzım kilidim...
Danışmaq istəyən uşaq kimiydim,
“Mən səni sevirəm” deyənə kimi.
Danışa bilmirdim, karıxırdım hey,
Ağlın nə söyləyir, ürəyin nə dey?
Dünya gözəl idi, yaxşıydı hər şey,
Sən mənim qəlbimə dəyənə kimi.
Axır ələ verdi əllərin səni
Daha o əllərsiz qala bilmərəm,
Bu gün əllərindən tutandan sonra.
Axır ələ verdi əllərin səni,
Neçə yol uduzub, udandan sonra.
Uduzmaq bəlkə də udmaqdı, qadın,
Hər gün xəyalımda dolaşdı adın,
Bircə dəfə baxdın, bir də baxmadın
Məni eşq oduna atandan sonra.
Eşq özü o yanda, odu bu yanda,
Ayların, illərin həsrəti canda.
Bu axşam görüşək Çayqarışanda,
Günəş qürub edib batandan sonra.
Gecikmə görüşə... gecikən kəsin
Vüsal bağışlayıb eşitməz səsin.
Elə gəl, bir kimsə duyuq düşməsin,
Hər kəs mürgüləyib yatandan sonra.
Daha o əllərsiz qala bilmərəm,
Bu gün əllərindən tutandan sonra...
Vüsala qədər
Anam danışmayıb, atam deməyib,
Nə bilim babamla nənəm nə çəkib?
Neçə yol kimlərsə qəlbimə dəyib,
Susub dinməmişəm, çənəm nə çəkib.
Susub dinməyəni kim idi duyan,
Yatma, bu sevgiyə həyan ol, həyan.
Başını köksümə qoyub uyuyan,
Bağrım şan-şan olub, sinəm nə çəkib?!
Oyan, eşqdən danış, din, nə bilirsən,
Harda bitər ömür-gün nə bilirsən?
Sən nə çəkmisən ki, sən nə bilirsən,
Şəmşirdən ötəri Sənəm nə çəkib?!
Darıxmaq sevincə qənim
Bu, eşqdir, vərdişdir, nədir, bilmirəm,
Elə darıxıram səndən ötəri...
Necə ki, yay ayı dağlar darıxır,
Dumandan ötəri çəndən ötəri.
Qaybalı dağından gözlərini çək,
Cəfərdərəsində bir dağdağan ək...
Mən səndən ötəri darıxdığımtək,
Kimsə də darıxır məndən ötəri.
Darıxsın, darıxmaq sevincə qənim,
Aranda dumanım, yaylaqda çənim,
Hər gün qulaqlarım cingildər mənim
O səsdən ötəri, ündən ötəri.
Nə sirr var o səsdə, mən nə görmüşəm?
Min yol ayrılığa sinə gərmişəm.
Ömrün otuz ilin qurban vermişəm
Sənə qovuşduğum gündən ötəri...
Mən səndən ötəri darıxdığımtək,
Kimsə də darıxır məndən ötəri.
Uşaqlıq məhəbbətim
Onda nişanlını vurmaq istədim,
Öfkəylə gəlmişdim toyuna sənin.
Yanında bəy kimi durmaq istədim,
Boyum da çatmadı boyuna sənin...
Göyə qaldırsam da dabanlarımı,
Əllərim çatmayan səadətimsən -
Sən mənim uşaqlıq məhəbbətimsən...
O dərdlə bu dərdi bölənə kimi,
Yol gedərəm, yola gedə bilmərəm...
Bir Allah bilir ki, ölənə kimi
O eşqə xəyanət edə bilmərəm...
SÖZ verib, and içib özüm özümə
Əmanət etdiyim əmanətimsən -
Sən mənim uşaqlıq məhəbbətimsən!
Alın yazısını, deyirlər yazan
O yana-bu yana çevirdi səni.
Sonra şair olub şeirlər yazan
Balaca bir uşaq sevirdi səni...
Ən şirin yalanım ola bilmədin!
Üz-üzə gəlirik, hər gün gördüyüm
Bəlkə də ən acı həqiqətimsən -
Sən mənim uşaqlıq məhəbbətimsən...