BAKI, 29 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Ayın səthindəki təbii obyektlərdən birinə və ya hər hansı astronomik obyektə onun adının verilməsini istədiyini bildirib.
Teleqraf xəbər verir ki, Donald Tramp bunu Texas ştatının Hyuston şəhərində yerləşən Conson Kosmik Mərkəzinə səfəri zamanı deyib.
ABŞ lideri xatırladıb ki, bir müddət əvvəl amerikalı astronavt Rid Uayzmanın vəfat etmiş həyat yoldaşının şərəfinə Aydakı kraterlərdən birinə “Kerroll” adı verilib.
“Mən də istərdim ki, nəyəsə mənim adımı versinlər, Rid”, - Tramp yanında olan astronavta müraciət edərək deyib.
ABŞ Prezidenti daha sonra zarafatla bunun üçün Texas qubernatorundan icazə almalı olduğunu bildirib.
Tramp Hyustondakı uçuşların idarəetmə mərkəzində olarkən hazırda Beynəlxalq Kosmik Stansiyada (BKS) olan astronavtlarla da əlaqə saxlayıb.
ABŞ lideri özü heç vaxt kosmosa uçmağa razılıq verməyəcəyini etiraf edib.
“Mən bunu etməzdim. Elə indi sizə açıq deyirəm. Etiraf etmək istəmirəm, amma belə bir şeyə getməzdim. Ancaq bəzi insanlar üçün bundan maraqlı heç nə yoxdur. Siz inanılmaz dərəcədə cəsarətli insanlarsınız”, - Tramp astronavtlara bildirib.
O, BKS-də müxtəlif ölkələrdən olan astronavtlara da salamlarını çatdırmağı xahiş edib.