“İblis nədir cümlə xəyanətlərə bais

Ya hər kəsə xain olan insan nədir iblis”.

Böyük Hüseyn Cavidin “İblis” dramı bu dəfə Pantomima Teatrının səhnəsində təcəlli etdi. Bu təcəllinin səbəbkarı Əməkdar artist Bəhruz Vaqifoğludur. O bu dəfə həm də səhnədə idi.

Tamaşanın rəssamı Xəyyam Səmədov, xoreoqrafı Əməkdar artist Səbinə Hacıyevadır.

Tamaşada Elnur Rzayev, Cavad Nuriyev, Elxan Şahaliyev, Elmin Qiyaslı, Solmaz Bədəlova, Səbirə Həsənova, Səbinə Hacıyeva, Jalə Novruz, Nuridə Musabəyli çıxış edirlər. Baş rolu Nurlan Rüstəmov canlandırır. Amma bayaq da dediyim ki, bu dəfəki ictimai baxışda baş rolu Bəhruz Vaqifoğlu özü ifa edirdi.

Teleqraf.com “İblis” tamaşasından reportajı- çoxdan darıxdığımız teatr söhbətlərini, tamaşadan sonra sənət adamlarının səmimi fikirlərini – təqdim edir.

Öncə səhnəyə Pantomima Teatrının qurucusu, hazırda teatrın bədii rəhbəri olan Xalq artisti, rejissor Bəxtiyar Xanızadə çıxdı.

“Həyatda mənə maneəçilik törədən olmayıb”

“Bura gələn insanlar arasında teatrımızın yaşı ilə bahəm yaşayıb, kədərimizə kədərlənib, sevincimizə sevinənlər var. Biri elə Oktay müəllim (red- Oktay Mir Qasım), Ayan, Sənubər xanım, Məmmədsəfa müəllim...Qohumlarımı demirəm, onlar və dostlarım hər gün yanımdadırlar.

Bir zamanlar belə söhbətlər gəzirdi ki, filankəs özündən sonra tələbə hazırlamadı.

Həyatda mənə maneəçilik törədən olmayıb. Nədənsə həmişə mənə yol açıblar. Gənc Tamaşaçılar Teatrının direktoru Kamal Əzizovun ruhu şad olsun. Həsənağa Turabov- bu gün Pantomima Teatrı varsa Həsən müəllimin bir sözünə bənd olub yaranıb. Polad Bülbüloğlu, Ədalət Vəliyev 1994-cü ildə tamaşalarımıza baxandan sonra heyfləri gəldi, səhəri günü 10 ştatla studiya açdılar: “Dəli yığıncağı” Teatr Studiyası bu günə qədər də işləyir. Bu dəstəyi mən unuda bilmirəm və o səbəbdən də fikirləşirəm ki, məni sıxmayıblar, mən niyə sıxmalıyam? Bir sıra gənclər var və hələ perspektivdə olanları da var. Biri Ceyhun Dadaşovdur, vaxtilə bizdə işləyib, indi Mədəniyyət və İncəsənət Universitetinin müəllimidir. Kifayət qədər uğurlu tələbələr hazırlayır, həm respublikada, həm də kənarda öz işlərini təqdim edir. Dəvət elədim, sözümü yerə salmadı gəldi. Sabah onun tamaşası nümayiş olunacaq. Qoqolun “Şinel” əsəri əsasında hazırlanan tamaşa onun zəhmətidir.

Bu gün isə teatrımızın aktyoru Bəhruzun işinə baxacağıq. O Hüseyn Cavidin “İblis” əsərini istədi və onun əsasında bir tamaşa hazırladı. Cavidin bu əsərinə onun öz baxışı var idi. Mən də mane olmadım, Ceyhuna da Bəhruza da bunu dedim: nə etsəniz sizindir. Hara qalxsanız sizin zirvənizdir. Təki buna imkan olsun.

Oktay müəllim bizim ən diqqətli, ən tələbkar tamaşaçılarımızdan biridir. Həm teatra, həm mənə qarşı. Bir dəfə dedi ki, istəyirəm Pantomima Teatrında söz olmasın. Çünki biz bir ara sözlü tamaşalar da təqdim edirdik. O zaman Oktay müəllim etiraz səsini ucaltdı. Mən kiçik izahat verdim. Və sonrakı bir işdə Oktay müəllim dedi ki, sən demə sözlə hərəkət qarışanda tamaşa tamam başqa yük daşıyır. Bu iki tamaşada qəti söz yoxdur. Hüseyn Caviddə əsər sözün hikməti üzərində qurulub. Amma Bəhruz da Ceyhun da sözdən tam imtina edib.

Bir haşiyə çıxım və bununla da sözümü bitirim. Müasir pantomimanı 30- cu illərdə Jan Lyu Barro yaradıb. Marsel Marso onun məşğələlərini oğurlayıb - mən ona Fransanın ermənisi deyirəm - öz adından çıxartdı. Beləki, Barronun dramatik teatrın bədənini inkişaf etdirmək üçün hazırladığı trinajları Marsel Marso pantomima adı altında nümayiş etdirdi.

Barro Kaspar de Birro festivalında öz məşğələlərini görəndən sonra Marsoya bir məktub yazdı: yaxşı tələbəsən, amma sabahdan studiyama gəlmə.

Dünyaya müasir pantomimanı məhz Marsel Marso yaydı. Elə bir yer yox idi ki, orada Marsel Marso məktəbi olmasın. 1996-97-ci illərdə Tiflisdə keçirilən beynəlxalq teatr tədbirlərinə xaricdən qonaqlar gəlirdi və mən onlardan pantomima barədə soruşanda onlar sualıma ironiya ilə yanaşırdılar. Bu gün pantomima teatr dünyasında geridəqalmış sənət hesab olunur. Çünki daha çox fiziki-plastik teatr adı altında inkişaf edir sənətin bu növü. Məhz Marsel Marso ömrünün sonuna yaxın bütün studiyalarını bağladı və ondan belə etməyinin səbəbi soruşanda dedi: Marsel Marsoçuqlar hazırlamaqdan yoruldum, bezdim. Hamısı özümə oxşayır, hamısı da mən edəni edir: ip dartır, yerində gəzir, başqa bir şey yoxdur. Çünki bunlar trinaj idi.

Və mən 1994-cü ildə teatrı yaradanda bütün bunlardan imtina etdim və o yolla getmədim. Hətta o vaxt Azərbaycanda ağzıgöyçəklər dedilər ki, biz Qurana əl basa bilmərik ki, Bəxtiyar pantomima edir. Mən düşünürdüm ki, bu dil başqa formada inkişaf etməlidir. Şükürlər olsun ki, Azərbaycanda bu formada yaratdıq və əgər bunu davam etdirə bilsələr bu mənə və sizlərə xoş olar. Bu baş verməsə deməli, elə belə də olmalıydı”.

“Belə tamaşa üçün çox darıxmışdım”

Daha sonra “İblis” nümayiş olundu. Tamaşa başa çatandan sonra Bəxtiyar Xanızadə bir də səhnəyə çıxıb:

“Bu sənət növünün imkanları hesabına iddialı olub sözdən vaz keçmək istəmişik. İndi nə qədər olub, nə qədər olmayıb...” deyəndə

“Çox gözəl olub”- deyə Əməkdar artist, Akademik Milli Dram Teatrının aktrisası Sənubər İsgəndərli sözə başladı:

“Şəxsən mən belə tamaşa üçün çox darıxmışdım. Sizin və uşaqların qarşısında baş əyirəm. Çünki bunlar sizdən bəhrələnib. Mən hələ də tamaşanın təsirindəyəm”.

Bəxtiyar Xanızadə: “Çox sağ olsun Bəhruz və truppası. Mən 35 ilə yaxın Mədəniyyət və İncəsənət Universitetində dərs dedim. Həmişə bir şeyi nəzərdə tutdum: sənin qarşında oturan və öyrənən gənc başqa bir zamanda sənin qarşına çıxacaq. Burda işləyən gənc qız sabah sənin oğlunun nişanlısı, sevgilisi ola bilər. Eyni zamanda oğlan qızının sevgilisi ola bilər. Ona görə gənclərə məhəbbətlə yanaşmaq lazımdır. Məni incitməyiblər, mən də incitmirəm”.

Sənubər İsgəndərli: “İnanıram ki, onlar da sizin qədrinizi bilərlər”.

“Bir gün bezdim və dedim ki, daha heç kimə heç nə öyrətməyəcəm”

Bəxtiyar müəllim uzun pauzadan sonra dedi: “Ümumiyyətlə, Sənubər ummaq lazım deyil. Qəti lazım deyil. Səhv etmirəmsə, indiki truppa 10 yaxud 11- ci truppadır".

Bu arada (Bəxtiyar müəllim əyləşsin deyə) səhnəyə bir stul gətirildi, Bəxtiyar müəllim isə belə davam etdi:

"Deyin, Bəhruzgil çiyinlərinə nəsə atıb, gəlsinlər səhnəyə. Səbəbkar onlardır. Hərə bir səbəblə gedir. Amma birinci səbəb: pulun olmamasıdır. Ayın 13 -ü 65 yaşım tamam oldu, səhər saat 9 -da mesaj gəldi: 65 yaşınızın tamam olması münasibəti ilə sizi təbrik edirik. Siz pensiyaya çıxdınız. Sizə 294 manat 94 qəpik pensiya verilir. Mədəniyyət nazirinin müavini burda olanda da dedim ki, pul verin ki bu uşaqlar işləsinlər. Bu pula heç kim işləməz. Pulun olmaması, müəyyən səbəblərdən üzümə də deməsələr yorulurlar, ailələri var, yaşamalıdırlar. Yenə deyirəm, hərə bir səbəbdən gedir, amma əsas səbəb puldur. İçində nadanlar da var, söz- söhbətlər də oldu. Bir gün bezdim, yoruldum və dedim ki, heç kimə bundan sonra heç nə öyrətməyəcəm. Dəqiq tarixini də deyə bilərəm. 2006-cı ildə burada - buranın bərbad vəziyyətində. Hətta bir aktyorum var idi, arada işə gəlməyəndə deyirdi ki, Bəxtiyar müəllimin bizə deməyə təzə sözü yoxdur, ona görə gəlmir. Nə oxuyuram, öyrənirəm, hamısını öyrədirəm. Amma həmin vaxt özümə acı-acı söz verdim ki, daha bundan sonra heç kimə heç nə öyrətməyəcəm. Və təsadüfən əlimə Herman Hessenin “Siddhartha” kitabı düşdü. Siddhartha dünyanı gəzir, alimlərdən öyrənir, hətta Budda ilə də görüşür, amma hər şey ona azlıq edir. Günlərin bir günü çayı keçmək istəyəndə sahillərarası insanları daşıyan qayıqçı ilə tanış olur. Qayıqçı ondan kim olduğunu soruşanda deyir sərkərdanam, qayıqçı da ona onunla qalmağı təklif edir. Qayıqçı ona çox hikmətli sözlər deyir. Siddhartha ondan müəlliminin kim olduğunu soruşur, qayıqçı deyir: mənim müəllimim bu axan çaydır. Mən burda kitabı bağladım. Və gözlərimi yumdum, öz çayımla söhbət elədim. Çayım mənə dedi ki, Allahın ən böyük neməti mənəm. Baxın o biri planetlərə, məhv olub gediblər. Su olmasa hər şey məhv olar. Mən axıb okeanlar yaradıram. Mənim suyumdan eşşək də içir, mərifətsiz, qanacaqsız, xəstə də...Mən bir dəfə o okeanlara demişəm ki, sizi mən yaratmışam? Demişəm ki, içməyin bu mənim suyumdur? Sən kimsən ki, deyirsən ki, öyrətməyəcəm.

Səhəri gün teatra gəldim və o vaxtdan da işimi davam edirəm. Nəyin baş verməsindən asılı olmayacaq. O baxımdan ummaq çox təhlükəli bir şeydir. Heç kimdən heç nə umma. Verə bilirsənsə ver, verə bilmirsənsə dedi ki, bitib”.

Artıq rejissor və aktyor heyəti də səhnədədir.

“Həqiqi sənət bir az kölgədə qalıb”

Yazıçı İlqar Fəhmi: “Bəzən sənətə qarşı haqsızlığımız nədə olur? Biz gəlirik, baxırıq, zövq alıb çıxıb gedirik, işin arxasındakı əziyyəti görmürük. Bu tamaşaya ikinci dəfədir ki, baxıram. Birinci dəfə tamaşanın energetikası məni elə tutdu ki, tam həzm edə bilmədim. Ona görə ikinci dəfə yenə gəldim. Bəhruz, deyəsən müəyyən mizanlarda dəyişikliklər olub. Yoxsa mənə elə gəlir?"

Bəhruz Vaqifoğlu: "Bu, Bəxtiyar müəllimin təklifi idi ki, premyeradan öncə tamaşanın bir neçə dəfə ictimai baxışı keçirilirsin. Bəzi dəyişikliklər olur".

İlqar Fəhmi: "İndiki dünyada hər şeyin asanına qaçırıq: tez başa gəlsin, tez istehsal olunsun. Onun əksini gördüyüm yerə qeyri-ixtiyari olaraq çox həvəslə meyl edirəm. Çünki indiki dövrdə həqiqətən belə tamaşa - çox xırda işlənmiş mizanlarla, metaforalarla zəngin olan iş ortaya qoymaq da, ona tamaşa etmək də elə zamanın əksinə getməyə bənzəyir. Biz həmişə qeyri-adiliyi zahiri fərqlilikdə görürük. Yox, elə deyil. Hər şeyin ucuzlaşdığı bir vaxtda qiymətli bir şeyi gizlədib saxlamağın özü də qeyri-adilikdir.

Bəxtiyar müəllim bayaq kütləviliklə bağlı bir söz dedi, bilirsiniz, Sədi yoxsa Hafiz dəqiq yadımda deyil, qiymətinin verilmədiyi ilə bağlı şikayətin dilə gətirir, dərviş ona deyir ki, qiymətli incilər dənizin dibində olur. Üzə isə zir-zibil çıxır. Əgər sən üzə çıxmış olsaydın, demək qiymətli deyilsən.

Doğurdan da hansısa zamanda həqiqi sənət bir az kölgədə qalıb. Amma o demək deyil ki, o üzüləcək. Kəndir toxuyanlarda belə bir təcrübə var. Kəndir nə qədər burulub çox nazik olursa o qədər də bərkiyir. Və mən inanıram ki, bizim Azərbaycan mədəniyyətində, sənətində Pantomima Teatrı kimi bir neçə ocaqlar nə qədər nazikləşsələr də bir o qədər bərkiyəcəklər və öz boyunlarına düşən yükü axıra qədər yerinə yetirəcəklər”.

“Mən bunu dəstəkləmirəm”

Xalq artisti, kinorejissor Oktay Mir Qasım: “Bəhruz və kollektivi qarşısında baş əyirəm. Bu hər bir mənada çox ağır və böyük, təsirli işdir. Eyni zamanda onun arxasında Hüseyn Cavidin adı da var. İndi deyəcəyim söz ciddi səslənməyəcək, amma mənim üçün çox ciddi fikirdir. Mən bu tamaşanı dövlət mükafatına təqdim edirəm. Sözümün əsası yoxdur, çünki buna səlahiyyətim də yoxdur.

Tamaşada bəzi mənfi nüanslar da gördüm, onlara toxunmaq istəyirəm, yoxsa mən buradan - sevdiyim, doğma yerdən yalançı kimi çıxaram.

Məsələn, birinci hissə mənim üçün super, bütov və monolit bir hissədir. Ona ayrıca baxsam bəlkə hansısa ştrixlər görə bilərəm. Amma yenə baş əyib deyirəm, bu hissə özü bir əsərdir. Və mən onu müasir bəşəriyyətin kütləvi portreti adlandırıram. Rejissorluq bütovlük sevir. Bu hissədə peşəkar rejissorluğun necə olduğu ideal dərəcədə göstərilir. Həm musiqinin seçimi, həm plastika, həm senoqrafiya, bir sözlə hər şeyi bir-biri ilə həmagəng idi.

O biri hissə çox maraqlı, çox xoşdur, adamın da ürəyinə yatır, amma orda da bütövlüyə fikir verilməli idi. Bu mənim fikrimdir, bəlkə yalnış fikirdir, subyektivdir, bəlkə də qocalığımdan irəli gəlir.

İlqar Fəhmi: “Oktay müəllim, ola bilər əvvəldən fikir belə olub”.

Oktay Mir Qasım: “Amma mən bunu dəstəkləmirəm. Çünki bütovlüyü dağıtmaq olmaz. İstər serial, istər beş dəqiqəlik film olsun, bütöv olmalıdır”.

“Buna niftər etdiyim qədər heç nəyə nifrət etmirəm”

Bəxtiyar Xanızadə: “Oktay müəllim çox sağ olun. Ceyhun (red- Ceyhun Dadaşov) bir tamaşa hazırlamışdı. Yenə bizdə elə bir dövr oldu ki, kim nə istəyirdi edə bilərdi. Üç tamaşanı buraxdım, Ceyhunun tamaşasını buraxmadım. Bir səbəb var idi. Dedim get, işlə. Bizim teatrın məramnaməsi var: ona toxunmaq olmaz. Elə şeylər var ki, onu etmək olmaz. Hələ mən sağam. Mən öləndən sonra elə, amma mən qoymuram. Və o tamaşanı buraxmadım. Getdi, yenə hazırladı, gəldi göstərdi, başa düşdüm ki, o mən deyəni anlamayıb. Buraxmadım. 6-7 dəfə təkrarlandı. Sonuncuda o bir detal elədi və mən gördüm ki, o başa düşüb. Yəni nə idi? Uzun sözün qısası, mən tamaşada “zalda oturan tamaşaçılardan biz ağıllıyıq”şüarını hiss etməyi sevmirəm. Buna niftər etdiyim qədər heç nəyə nifrət etmirəm. Yəni bir növ, sən tamaşaçıya dərs keçirsən. Mən bunu qəbul edə bilmirəm.

Bizim də daxili baxışımız olub. Mən də Bəhruza fikirlərimi demişəm. Oktay müəllimin fikirlərini alqışlayıram, qəbul edirəm. Çünki yaradıcı insan duyğusu deyilən bir məhfum var - o həmin dəqiqə hiss edir ki, bu mənimdir, ya mənim deyil.

Keçən dəfə Nurlan oynayırdı, bu gün Bəhruz oynadı, kifayət qədər tamaşada başqa şeylər əmələ gəldi. Nüanslar var. Yəqin ki, Bəhruz bu barədə fikirləşər. Oktay müəllim, sizə təşəkkürümü bildirirəm. Mən də üç-dörd nüans demişəm. Deyir, mən belə istəyirəm. Sənin istəyindir, buyur. Nə vaxtsa mən yaxud sən səhv olarsan zaman gətirib düzəldər. Əsas odur ki, onlar inkişaf etsinlər.

Bizim Mədəniyyət və İncəsənət Universitetinin birinci bəlası bilirsiniz, nədir? Deyir, bala, səhv eləmə. Belə şey ola bilərmi? Tələbələr səhv etməkdən elə qorxur ki...Bəs başqa necə olsun? Necə səhv etməyə bilər? Ona görə də mən dərs deyən müddətdə hətta kafedralar da şikayət edirdilər ki, tələbələrə bu nə azadlıqdır vermisən, ağızlarına gələni edirlər. Deyirdim, təmizləyəcəklər. İndi gərək dağıtsın. Yoxsa bizə oxşayarlar. 20 yaşı var, özünü 60 yaşlı kimi aparır. 20 yaş gərək dağıtsın, qəbul etməsin, üsyan etsin, desin ki, sən qocasan, mən cavan. Sonra zamanla fırlanıb yenə ora gələcək. Amma mane olmaq lazım deyil”.

“Onu mən bilərəkdən etmişəm”

Bəhruz Vaqifoğlu: “Oktay müəllim, siz doğru qeyd etdiniz ki, tamaşa iki hissədən ibarətdir. Birinci hissə dediyiniz kimi bitkin bir formada idi.

İkinci hissə özü- özlüyündə hissələrə bölünüb. Onu mən bilərəkdən etmişəm. Geyimlərə xüsusi diqqət edirdim. Hər bir obrazın geyimi hansısa ölkəni xatırladır. Zamanı və hadisələri də sındırmışıq. Əgər bunu bütöv hekayə üzərində qurmuş olsaydım, ki Hüseyn Caviddə bu əsər bitkin bir süjet xətti üzərində qurulub, onda bir hadisənin üzərində olacaqdı. Sanki bu Azərbaycanda, yaxud Almaniyada baş verir. Halbuki, bu proses hər zamanda, hər dövrdə var. Bu baxımdan ikinci hissəni hissələrə ayırmışam. Amma onun özünü belə bütövləşdirməyə çalışmışam. Təbii ki, bəzi nüanslar var ki, zamanla cilalanacaq və yerinə oturacaq”.

Oktay Mir Qasım: “Məsələn, plakat janrının əlamətlərini görəndə mən daha çox əmin oldum ki, haqlıyam. Şinelin eyham vurduğu bolşevizm dövrü mənim aləmimdə əsərə heç yaraşmadı. Bu tənqid də deyil, Bəxtiyar müəllim bayaq dedi, uman yerdən küsərlər, mən də bəlkə küsmüşəm”. (gülür)

Əməkdar artist Ayan Mir Qasım: “Tamaşa çox gözəldir. Mən sizi təbrik edirəm. Rus Dram Teatrının aktrisası kimi kütləvi səhnələrdə tez-tez oynamışam. Bunun necə zəhmətli bir iş olduğunu bilirəm. Kütləvi səhnələrdə aktyorun zəhməti çoxdur. Onlar mizanları dəqiq təqdim edirdilər. Mən sizləri alqışlayıram, tamaşada böyük bir zəhmət, istedad gördüm”.

Aktrisa Oksana Rəsulova: “Əfsuslar olsun ki, mən ilk dəfədir ki, Pantomima teatrına gəlirəm. Mən tamaşaya, Bəhruz, sənin kreativ fikrinə sadəcə valeh oldum. Jestlər, mimikalar, bədən dili...hər şey bir- birini gözəl tamamlamışdı. Bəhruz, mənə dedilər rəqslərin hamısını özün qurmusan”.

Bəhruz Vaqifoğlu: “Rəqsləri Səbinə xanım qurub”.

Oksana Rəsulova: “Çox mükəmməldir. Çox istəyirəm ki, bu tamaşa bir çox ölkələrdə göstərilsin, inanın birinciliyi hər yerdə qazanarsınız. Və mən artıq sizin daimi tamaşaçınız olacam”.

“Peşəkar aktyor olmağa heç bir ömür də bəs etmir”

Xalq artisti, Yuğ teatrının aktyoru Məmmədsəfa Qasımov: “Bu yaxınlarda televiziya verilişlərinin birində qonaq oldum. Orada belə bir ifadə işlətdilər ki, bu gün İncəsənət Universiteti tələbə yetişdirə bilmir. Təbii ki, kökündən yalnış fikirdir. 4 il müddətində tələbə peşəkar aktyor səviyyəsinə gəlib çata bilməz. Çünki peşəkar aktyor olmağa heç bir ömür də bəs etmir. 40 ilə yaxındır ki, bu işlə məşğulam. Əgər belə demək mümkündürsə mən hələ aktyorluğu bilmirəm. 4 ildə sənə istiqamət verilir, bir yol göstərilir. Bütün teatrlarda laboratoriyalar fəaliyyət göstərməlidir. Tələbələr bu laboratoriyalara gəlməli, bir neçə il çalışmalı və ondan sonra böyük truppalara ötürülməlidir. Bu mənada mən bu işi çox yüksək dəyərləndirirəm”.

Müzakirə başa çatandan sonra hər kəs - sənət adamları da tamaşaçılar da rejissor və aktyorlara ayrı-ayrılıqda yaxınlaşıb, təşəkkür etdilər. Əminəm, tamaşanın təəssüratı hələ uzun müddət onları tərk etməyəcək...Elə məni də. Amma o barədə ayrıca yazı yazacam. Hələlik isə belə tamaşaların, belə müzakirələrin çox olması diləyi ilə...