BAKI, 15 may. TELEQRAF

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) və “AzInTelecom” MMC dəmir yollarında sərnişin axınının daha effektiv idarə olunması və turniketlərdə sıxlığın azalması məqsədilə “SİMA Pay” – üztanıma ilə ödəniş sisteminə keçir.

Yeni sistemin dəmir yollarında sərnişın daşımaya təsirlərini Teleqraf-a şərh edən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, İlk olaraq məsafəyə görə gediş haqqının hesablanması sistemi məhz ADY tərəfindən tətbiq olunub:

"Bundan əlavə, sərnişinlər üçün müxtəlif texnoloji imkanlar yaradılıb. QR kod vasitəsilə ödəniş kimi yeniliklər də ilk dəfə ADY-də tətbiq edildi. Üztanıma ilə ödəniş sisteminin tətbiqi məsələsini bir neçə ay əvvəl ADY rəhbərliyi ilə müzakirə etdik və bu təşəbbüsü dəstəklədik. Düşündük ki, layihə həm maraqlı, həm də faydalı olacaq”.

Ekspert qeyd edib ki, biometrik ödəniş texnologiyaları artıq dünyanın bir çox ölkəsində tətbiq edilir:

“Hazırda bir sıra ölkələrdə bu texnologiya əsasən hava limanlarında tətbiq olunmağa başlayıb. Azərbaycan isə daha irəli gedərək sistemi artıq dəmir yolu nəqliyyatında tətbiq edir. Ötən il Portuqaliyaya səfərimiz zamanı hava limanında bu sistemin qurulması üçün texniki avadanlıqların gətirildiyini müşahidə etdik”.

E.Muradlı “SİMA Pay” biometrik ödəniş sisteminin tətbiqində şəxsi məlumatların qorunması və təhlükəsizlik məsələlərinə də toxunub:

“ADY dövlət qurumudur və burada formalaşan məlumat bazası ciddi şəkildə qorunur. Sərnişin məlumatlarının yayılması mümkün deyil, çünki fərdi məlumatların qorunması ilə bağlı qanunvericilik bu məsələləri tənzimləyir. Həm dövlət qurumları, həm də digər aidiyyəti strukturlar öz məsuliyyətlərini dərk edirlər. Kibertəhlükəsizlik məsələlərində maksimum diqqətli olmaq vacibdir. “Nəzərə almaq lazımdır ki, bu məlumat bazası vahid sistem çərçivəsində idarə olunur və yüksək səviyyədə qorunur. ADY “AZCON Holding”in tabeliyində fəaliyyət göstərir. Holdinq isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və kibertəhlükəsizlik istiqamətində fəaliyyət göstərən aidiyyəti qurumlarla koordinasiyalı işləyir. Bu səbəbdən üztanıma ilə ödəniş sisteminin tətbiqində istifadəçilər üçün ciddi risk görmürəm”.

Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) və “AzInTelecom” MMC-nin birgə həyata keçirdiyi yeni layihə ilə bu gündən etibarən Azərbaycanın ictimai nəqliyyat sahəsində ilk dəfə dəmir yollarında “SİMA Pay” – üztanıma ilə ödəniş sistemi tətbiq olunub.