Gecə...

Zülmətdəyəm. Pəncərə qarşısında şəhərin işıqlarında gözlərini görürəm. Saatın neçə olduğunun fərqinə də varmıram. Saat adlı əşyanı, zaman məfhumunu həyatımdan çıxarmışam. Gecəm səninlə, xəyalınla, anılarınla sapsarı günəş şəfəqlərinin bərq vurduğu gündüzə, sənsiz gündüzlərimsə səhər, günorta, bir sözlə, günəşi batmamış zaman dilimi qaranlıq gecəyə dönür.

Hər ulduzlara baxanda sanki ümid qığılcımı qoyub getmisən kimi görünür mənə. Bütün səmanı məni ümidləndirmək üçün hazırlamısan bəlkə, səni unutmayım və həmişə gözləyim deyə. Ümidlə gözləyim...

Oyağam, yata bilmirəm. Səni düşünmədən zamanın bir qırnığını, bir anını ötürə bilmirəm. Bütün ilhamımı səndən alıram; həyat səbəbimsən mənim. Sən olanda mavi kəpənəklərlə dolur ətrafım. Qızıldərililərin əfsanələrindəki kimi, sanki toxunacağım an diləyimə çatacam. Qum örtmüş səhrada dağ bənövşəsi ilə bəzənən çəməndə uzanmış kimi varlığını hiss edirəm. Bəzən elə fantastik duyğular yaşadırsan ki, qanadlanıb özümü buludların arasına toxuyan görürəm. Bir bulud topasından o birisinə atlanaraq uçduğumu təsəvvür edirəm. Bunu təkcə sən hiss etdirə bilərsən, əlbət...

Səni düşünməmiş bir anımı keçirə bilmirəm. İlhamımı səndən alıram, həyat səbəbimsən mənim. Sənsiz çox ağrılı olur həyatım. Əvvəllər elə deyildi, əvvəllər sızqa ağrılar verirdi. İndi ağrı –sol döşümün altında yanğıya çevrilib. Hətta bəzən düşüncələrimlə özümü inandırıram ki, yəqin o zillət xəstəlik – xərçəng var sinəmin solunda. Statistikaya görə çox yayılıb... Amma kaş elə sadə, bəsit olardı hər şey. Çünki o zillətin – xərçəngin sənsizlik ağrısından daha az çəkəcəyinə inanıram. İnanmaq yetərsiz olar, əminəm buna.

Əminəm ki, o zillətə tutulsam, xərçəng bütün bədənimə dəyişsə də, daha sürətli, amma daha az ağrılı keçəcək ömrüm. Sənsizlik acısı isə qəbrəcən mənə min zillətin əzabını yaşadacaq. Bəlkə düşünürsən ki, o zəhrimara tutulmadan o ağrını necə hiss etmək olar? Unutma ki, mən sənsizliyi hiss edən, yaşayan biriyəm, daha bundan ağrılısı ola bilməz.

Gecə...

Sən də oyaqsan mən də. Bu nə sirdir, hələ də özümdə kəşf edə bilməmişəm. Bəzən ruhumda vampir gizləndiyinə inanıram. Nə vampirli yatar, nə də mən... Sənli də yatmıram, sənsiz də. Sənli bir cür əzab, sənsiz ayrı cür. Heç bir anımı səndən xilas edə bilmərəm, mümkünsüzdür, bunu anlayıram. Səni səninlə yaşamaq – istəklərimin ən ucası... Qansız, cansız, zərərsiz... Əhilləşmiş bir vəhşi, qandan üz döndərmiş bir vampir kimi.

Pəncərə qarşısına çökmüş və zülmətə bürünmüş sonsuzluğun sirlərini öyrənməyə çalışıram. Uşaqlıqda ən qorxduğum şey idi qaranlıq. Uşaqlıqda qaranlıq səmadakı ulduzlarla maraqlanırdım, indi ulduzların aydınlatmağa çalışdığı, ancaq sonsuzluğu möhtəşəm olan qaranlığa can atıram. Uşaqlıqda çizgi filmlərində savaşçı olmaq, zülmətlər şahzadəsinə qarşı savaşmaq istərdik. İndi özüməm zülmətlər şahzadəsi. Düşünürəm, sən o qaranlıqdan gələcəksən həyatıma. Məni sonsuzluğacan işıqlandırmağa çalışacaqsan.

Gələcəksən, hər şeyi dəyişəcəksən, zülmətə olan həvəsimi, meylimi işığınla yox edəcəksən.

Pəncərə qarşısında dayanmışam. Pəncərədən görünən ən sevdiyim şey qaranlıqdan keçən qatarların işıqlarıdır. Yaxından keçən qatarlar qaranlığı ulduzlarla bərabər işıqlandırmağa çalışır. Və mən bunu yalnız sənin gözlərinlə görə bilirəm. Bunu hiss edərək görürəm. Zülməti işıqlandıran o gözləri...

Qatarların çox möhtəşəm səsi olur zülmətin sakitliyində. Arabir fit verirlər, sanki mesaj atırlar, gözlə, gətirərik gözlədiyini deyə. Ən çox qatar duranda çaş-baş qalıram. Yanıldır məni sanki, ümidlə, intizarla baxıram. Yol gözləmək başqa bir acı verir mənə əslində. Halbuki bilirəm, gələndə xəbərsiz gələrsən, heç addım səslərini də eşitdirməzsən, oğru kimi. Soruşmadan, yazışmadan, vaxtsız- vədəsiz, hətta görünmədən. Həsrət çəkdirən, qələmə söz tökdürən, qəlbi param-parça edən...

Bir qulağa söz eşitdirə bilməzsən, bir tikə ətə sözün keçməz...

Gecə... Yaxında İlahi eşq yaşayanların, bəlkə də özlərini elə göstərənlərin mənzilindən, Allah evindən Allaha səsləyən azan oxunur. Möhtəşəm təsir edir əslində bu səs. İnanıb-inanmamasından asılı deyil bu təsir qüvvəsi. Amma mən bu səsi də sənə səsləyiş kimi hiss edirəm. Varlığına bir an şübhə etmədiyim Tanrı səninçün xəlq edib məni. Bu gözəlliyi, zülməti, işığı səninçün, səni gözləyim deyə yaradıb o qüvvə.

Bir azdan dan yeri ağaracaq. Amma mən hələ də zülmətdə bir işıq axtarıram. Mənə səni gətirəcək işıq. Şəhərin sayrışan, bəzən zəif, bəzən gur görünən işıqlarına baxıram, ağaclar arasından gah görünüb, gah gizlənən işıqlar elə bil ulduzlara kömək etmək istəyir. Hər bir evdə işıq var, zülməti yox etmək məqsədi ilə. Bəlkə zəif işıqlarda daha çoxdur şəfəq, gur işıqlılar daha çox göstəri kimi görünür, daxili zülmətlərini gizlətmək üçün...

İşıq yanan hər evdə parıldayan gözlər görünür sanki və parıldayan gözlərdə olan SEVGİ. Kimə məxsus olduğunu bilmədiyin SEVGİ... Eynən mənim yaşadığım, unutduğum, arzuladığım, həsrətini çəkdiyim və səbirsizliklə gözlədiyim SEVGİ...

Gecə... Sevgilliəri örtən, sevgiləri göstərən gecə...

Nübar Lətifli