BAKI, 22 avqust. TELEQRAF

ABŞ Kanadadan idxal olunan 20 milyard dollar dəyərində məhsullara 50 faizlik tarif tətbiq edib.

Teleqraf xəbər verir ki, Kanada dərhal cavab tədbirlərinin görüləcəyini açıqlayıb.

ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi idxal rüsumları Kanadanın hər il ABŞ-yə göndərdiyi məhsulların təxminən 5 faizinə şamil olunacaq.

“İşçilərimizi və biznesimizi qorumaq üçün bu tariflərə eyni məbləğdə cavab verəcəyik,” – deyə Kanadanın Baş naziri Mark Karni açıqlamasında bildirib.

ABŞ prezidentinin administrasiyasının yüksək vəzifəli rəsmisi jurnalistlərə açıqlamasında bildirib ki, Kanada ABŞ-nin polad, alüminium, avtomobillər və taxta-şalban məhsullarına tətbiq etdiyi tariflərlə bağlı güzəştlər tələb edib, lakin ABŞ bu güzəştləri verməyə razı olmayıb.

“Kanada bu həftənin əvvəlində razılaşdırılmış şərtlər əsasında ticarət sazişini yekunlaşdırmaqdan imtina edib. ABŞ-nin Kanadaya bazarımıza ixrac edən əsas ölkələr arasında ən əlverişli şərtləri təklif etməsinə baxmayaraq, Kanadanın yeni tələbləri və digər öhdəliklərdən geri çəkilməsi son günlər əldə edilmiş kövrək balansı pozub,” - ABŞ-nin ticarət nümayəndəsi Ceymison Qrir jurnalistlərlə bildirib.

Karni isə danışıqların pozulmasına görə Vaşinqtonu günahlandırıb.

“ABŞ-nin təklif etdiyi şərtlərdə son anda etdiyi dəyişikliklər ədalətsiz və iqtisadi baxımdan səmərəsiz olub, həmçinin istənilən sazişin etibarlılığını sual altına qoyub”, - deyə o bildirib.

Baş nazir danışıqları dayandırdığını və Kanadanın danışıqlar heyətinə Ottavaya qayıtmaq göstərişi verdiyini açıqlayıb.