BAKI, 14 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Ağ Evin mətbuat katibi vəzifəsinə özünün keçmiş və hazırkı köməkçilərindən, eləcə də jurnalistlərdən birini təyin edə bilər.
Teleqraf xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşr yazır ki, Kerolayn Livittin Ağ Evin mətbuat katibi vəzifəsindən ayrılacağı barədə açıqlama hətta bəzi həmkarları üçün gözlənilməz olub. Mənbələrin sözlərinə görə, hazırda onun yerinə təyin olunacaq aşkar favorit yoxdur.
Mümkün namizədlər arasında ABŞ-nin protokol xidmətinin rəhbəri, səfir Monika Krouli, CNN telekanalının şərhçisi Skott Cenninqs və Trampın keçmiş seçki qərargahının nümayəndəsi Ceyson Millerin adları çəkilir.
Siyahıda həmçinin Trampın keçmiş vəkili və müşaviri Alina Habba, Livittin müavini Anna Kelli və Ağ Ev aparat rəhbərinin müavini Stiven Millerin həyat yoldaşı Keti Miller də var.
“Politico” qeyd edir ki, Ağ Ev Livittin varisinin artıq müəyyənləşdirilib-müəyyənləşdirilmədiyini açıqlamayıb. Həmçinin onun vəzifəsini müvəqqəti olaraq kimin icra edəcəyi və gələcəkdə Ağ Evdə jurnalistlər üçün brifinqlərin hansı tezliklə keçiriləcəyi barədə məlumat verilməyib.
Xatırladaq ki, Tramp avqustun 12-də Kerolayn Livittin ailəsi ilə daha çox vaxt keçirmək üçün ayın sonunda vəzifəsini tərk edəcəyini açıqlayıb. ABŞ Prezidenti Livittin bundan sonra da onun əsas qeyri-rəsmi müşavirlərindən biri və Respublikaçılar Partiyasında nüfuzlu fiqur olacağına əminliyini bildirib.