BAKI, 14 avqust. TELEQRAF

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “USS Abraham Lincoln” aviadaşıyıcısında xidmət edən hərbçilərin intihara cəhd etməsi barədə yayılan məlumatları təkzib edib.

Teleqraf xəbər verir ki, bu barədə CENTCOM-un “X” sosial şəbəkəsində yaydığı açıqlamada bildirilib.

“‘Abraham Lincoln’ aviadaşıyıcısının zərbə qrupunun dənizçiləri və dəniz piyadaları dənizdə 260 gündən çox vaxt keçirmələrinə, 10 min uçuş həyata keçirmələrinə və 1,5 milyon funt (təxminən 680 ton) sursat sərf etmələrinə baxmayaraq, dözümlü və qətiyyətli olaraq qalırlar”, – açıqlamada deyilir.

CENTCOM bildirib ki, hərbçilərdən heç biri xəsarət almayıb. Avqustun 3-də göyərtədən dənizə düşən yeganə dənizçi isə qısa müddətdə xilas edilib.

Bundan əvvəl “Military Times” nəşri missiyası may ayında başa çatmalı olan aviadaşıyıcıda bir neçə hərbçinin intihara cəhd etdiyini yazmışdı. Nəşr bunun mümkün səbəbləri sırasında həddindən artıq iş yükü, tükənmişlik və ruh düşkünlüyünü göstərmişdi.

CENTCOM isə bu məlumatların həqiqətə uyğun olmadığını bəyan edib.