BAKI, 14 avqust. TELEQRAF

ABŞ-də son 16 ildə ilk dəfə bir gün ərzində üç nəfər barəsində çıxarılan ölüm hökmü icra edilib.

Teleqraf xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Avqustun 13-də Alabama, Oklahoma və Tennessi ştatlarında ölüm cəzasına məhkum edilmiş üç nəfər edam olunub.

Alabamada 2021-ci ildə beş yaşlı qızı zorlayaraq öldürməkdə təqsirli bilinən Ceremi Uilyams barəsində ölüm hökmü icra edilib. Məlumatı ştatın baş prokuroru Stiv Marşall təsdiqləyib.

Oklahoma ştatında isə 2003-cü ildə sevgilisi Olimpiya Fişeri öldürməkdə təqsirli bilinən Karlos Kuesta-Rodriqes edam edilib. Bu barədə ştatın baş prokuroru Gentner Drammond məlumat verib.

Tennessidə 1985-ci ildə mehmanxana işçisini öldürməkdə təqsirli bilinən Entoni Darrell Hayns barəsində ölüm hökmü icra olunub.

“Associated Press” qeyd edir ki, eyni gündə üç edamın həyata keçirilməsi ABŞ-də ölüm hökmlərinin icrasının artması fonunda baş verib.

2025-ci ildə ABŞ-də ümumilikdə 47 nəfər edam edilib. Bu, 2009-cu ildən bəri ölkədə qeydə alınan ən yüksək göstəricidir.