BAKI, 7 oktyabr. TELEQRAF
Türkiyə Məkkə Müdafiə İttifaqı çərçivəsində krallıqda hərbi mövcudluğunu genişləndirmək planları fonunda Səudiyyə Ərəbistanında hərbi baza yerləşdirə bilər.
Teleqraf xəbər verir ki, bu barədə “Türkiye” qəzeti məlumat yayıb.
Ankara oktyabrın 5-də Ər-Riyadda Məkkə İttifaqının iştirakçı ölkələri - Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə tərəfindən birgə müdafiə üzrə öhdəliklərin praktiki icrasına və hərbi qüvvələrin yerləşdirilməsinə dərhal keçilməsi barədə qəbul edilən qərar çərçivəsində özünün qısa və ortamənzilli hava hücumundan müdafiə sistemləri vasitəsilə Səudiyyə Ərəbistanının dörd ən mühüm qaz və elektrik enerjisi obyektinin müdafiəsində iştirak edəcək. Regiona göndəriləcək hərbçilərin sayı yaxın günlərdə dəqiqləşdiriləcək.
Türkiyə hərbi kontingentinin Səudiyyə Ərəbistanına göndərilməsi barədə qərarı parlamenti qəbul etməlidir. Bunun oktyabr ayında baş verəcəyi gözlənilir.
Məlumata görə, Türkiyənin 12 ölkədə hərbi bazası var. Onlardan ən böyüyü Şimali Kipr Türk Cümhuriyyətində yerləşir və burada 30 mindən çox hərbçidən ibarət kontingent dislokasiya olunub. Həmçinin Türkiyənin Qətər, İraq, Suriya, Somali, Liviya və bir sıra digər ölkələrdə də hərbi bazaları yerləşir.