BAKI, 18 avqust. TELEQRAF

“Misir Məkkə Müdafiə Paktına qoşulmaq imkanlarını araşdırır, amma bununla fəaliyyət azadlığını məhdudlaşdırmasını istəmir”.

Teleqraf xəbər verir ki, bu sözləri Misirin Əl-Əhram Siyasi-Strateji Araşdırmalar Mərkəzinin analitiki Bəşir Əbdül Fəttah TASS-a deyib.

“Misir Məkkə Paktına qoşulmağı ciddi şəkildə nəzərdən keçirir və öz milli maraqlarını qorumaqla koalisiyada iştirak etmək arasında tarazlıq axtarır. Qahirə onun fəaliyyət azadlığını məhdudlaşdıracaq və qərar qəbuletmədə çevikliyindən məhrum edəcək bir sazişə də girmək istəməzdi”, - ekspert bildirib.

Əbdal Fəttahın fikrincə, Qahirənin paktın qəbul edilməsinə qarşı ciddi arqumentləri olmasa da, hələlik məsələni öyrənmək üçün fasilə götürüb:

“Misir iştirakçı ölkələrdən bir sıra texniki məsələlərə aydınlıq gətirməsini istəyib. Qahirə xüsusilə paktın müddəaları tətbiq olunarsa, silahlı qüvvələrin hansı qollarının cəlb olunacağını və imzalayan dövlətlərin hansı səlahiyyətlərə malik olacağını aydınlaşdırmaq istəyir. Bundan əlavə, Misir hələlik koalisiya qoşunlarının yerləşdirilməsi və onlara kimin və necə komandanlıq edəcəyi ilə bağlı suallara cavab almayıb.

Misir regionda sabitliyin təmin edilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləyir, amma əvvəlcə vəziyyət tam aydınlaşdırılmalıdır. Çünki müqavilə təkcə imzalanmamalı, həm də sonradan həyata keçirilməlidir”.

Məkkə müqaviləsi avqustun 7-də Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Şahbaz Şərif tərəfindən imzalanıb. Sazişdə ölkələrdən hansısa birinə edilən hücumun bütün koalisiya üzvlərinə qarşı təcavüz aktı kimi qəbul ediləcəyi nəzərdə tutulur.

Avqustun 13-də Türkiyə xarici işlər naziri Hakan Fidan Misirə səfəri zamanı Qahirənin tezliklə bu pakta qoşulacağına ümid etdiyini bildirib. Amma onun misirli həmkarı Bədr Əbdül Ati Qahirənin hələ də məsələni araşdırdığını və hələlik yekun qərar vermədiyini qeyd edib.