BAKI, 20 fevral. TELEQRAF

İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi şiə məzhəbindən olan həmvətənlərinə müraciətində onları hakimiyyətə qarşı mübarizənin ön sıralarında yer almağa və dinlərini “siyasi İslam” adlandırdığı anlayışdan ayırmağa çağırıb.

Teleqraf xəbər verir ki, o, İranın hazırkı hakimiyyətini xalqa qarşı cinayətlər törətməkdə ittiham edib.

“Bu rejim ilk gündən sizin və dininizin adı ilə hakimiyyəti ələ keçirib, amma yoxsulluq, səfalət və bəşəriyyətə qarşı cinayətlərdən başqa heç bir iş görməyib”, - şahın oğlu qeyd edib.

Rza Pəhləvi son hadisələrə istinadla bildirib ki, etirazçılar bu rejimin din adı altında heç bir cinayətdən çəkinmədiyini öz gözləri ilə görüblər. O, günahsız insanların, cümlədən uşaqlar və məktəblilərin güllələnərək öldürülməsini, eləcə də həbs edilənlərə qarşı işgəncə, qətl və zorlamaları misal çəkib.

Pəhləvi İranda vilayəti-fəqih sistemi və siyasi İslama qarşı olan şiələrə müraciətində vurğulayıb:

“Əgər dinlə bağlı qayğılarınız varsa və gələcək İranda ibadətlərinizi sakit, qeyri-siyasi və şəxsi çərçivədə davam etdirmək istəyirsinizsə, bu qeyri-legitim və cinayətkar rejimə qarşı mübarizənin ön sıralarında dayanın”.

Sonda o, hələ də bu mübarizəyə qoşulmayan sünni və digər məzhəbin ardıcıllarını da birlikdə hərəkət etməyə çağırıb.