BAKI, 15 yanvar. TELEQRAF

İranın sonuncu şahının oğlu Rza Pəhləvi rejimin devrilməsindən sonra ölkənin milli təhlükəsizlik və xarici siyasət sahəsində atacağı addımları açıqlayıb.

Teleqraf xəbər verir ki, o, rejimin devrilməsindən sonra İranın bölgədə etibarlı dost və sabitləşdirici güc kimi çıxış edəcəyini, qlobal təhlükəsizlikdə məsuliyyətli tərəfdaş olacağını iddia edib.

Rza Pəhləvi deyib ki, diplomatiya sahəsində ABŞ ilə münasibətlər bərpa ediləcək və İsrail dövləti dərhal tanınacaq.

O, həmçinin hərbi nüvə proqramının dayandırılması, terrorçu qruplara dəstəyin kəsilməsi və mütəşəkkil cinayətkarlığa qarşı əməkdaşlığı rejimin devrilməsindən sonrakı milli təhlükəsizlik siyasətinin tərkib hissəsi kimi təsvir edib.

Rza Pəhləvinin açıqlamasında diqqət çəkən digər məqamlar:

- Qarşılıqlı tanınma, milli suverenlik və milli maraqlar əsasında yeni mərhələ başlayacaq;

- Azad İran azad dünya üçün etibarlı enerji təchizatçısına çevriləcək. Siyasət şəffaf, İranın addımları məsuliyyətli, qiymətlər proqnozlaşdırıla bilən olacaq.

- Şəffaflıq və idarəçilik sahəsində İran beynəlxalq standartları qəbul edəcək və tətbiq edəcək. Çirkli pulların yuyulmasına qarşı mübarizə aparılacaq. Mütəşəkkil korrupsiya aradan qaldırılacaq. İctimai institutlar xalq qarşısında məsuliyyətli olacaq.

- Demokratik İran iqtisadiyyatını ticarət, investisiya və innovasiyaya açacaq, dünya ölkələrinə də investisiya yatıracaq.