BAKI, 15 dekabr. TELEQRAF

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İranda yoxlamaları bərpa edib, amma əsas nüvə obyektlərinə daxil ola bilmir.

Teleqraf xəbər verir ki, bu barədə agentliyin baş direktoru Rafael Qrossi Rusiya KİV-ə açıqlamasında deyib.

Qrossi iyunda İranın nüvə obyektlərinə hücumlardan sonra yoxlamaların bərpasında praktiki irəliləyişin olub-olmadığına və AEBA mütəxəssislərinin Natanz, İsfahan və Fordo obyektlərinə nə vaxt yenidən giriş əldə edə biləcəyinə toxunaraq qeyd edib ki, bu, hazırda beynəlxalq qurumun İranda qarşılaşdığı ən vacib sualdır.

“Bizə yalnız zərbə endirilməmiş obyektlərə daxil olmağa icazə verilir. Bu, yaxşıdır, çünki bu obyektlər yoxlama üçün razılaşdırılanlar siyahısındadır. Bu, bizim üçün vacibdir. Amma digər üç obyekt (Natanz, İsfahan və Fordo) daha da əhəmiyyətlidir, çünki onlarda hələ də xeyli miqdarda nüvə materialları və avadanlıqları var. Biz ora qayıtmalıyıq”, - Rafael Qrossi əlavə edib.