BAKI, 20 avqust. TELEQRAF
Suriya və İsrail nümayəndə heyətləri arasında Parisdə keçirilən danışıqlarda tərəflərin Suriyanın Əs-Süveyda əyalətində gərginliyin azaldılması üçün birgə səylərə sadiqliyi təsdiqlənib.
Teleqraf xəbər verir ki, bunu “Al Ikhbariya” telekanalına ABŞ-nin vasitəçiliyi ilə avqustun 19-da Fransa paytaxtında İsrail tərəfi ilə aparılan danışıqları şərh edən Suriya rəsmisi bildirib.
“Suriyanın cənubundakı vəziyyətin deeskalasiyası səyləri çərçivəsində xarici işlər və mühacirlər naziri Əsəd Şibani Parisdə İsrailin strateji planlaşdırma naziri Ron Dermer ilə görüş keçirib. Tərəflər Suriyanın ərazi bütövlüyünə sadiq olduqlarını və onun bölünməsinə yönəlmiş hər hansı layihədən imtina etdiklərini təsdiqləyiblər”, - rəsmi qeyd edib.
Mənbənin sözlərinə görə, Suriyanın cənubundakı humanitar vəziyyəti müzakirə edərkən Şibani və Dermer çətin həyat şəraitini yüngülləşdirmək üçün Seveyda sakinlərinə və yerli bədəvilərə yardım axınını artırmağa razılaşıblar.