BAKI, 11 iyun. TELEQRAF

İran və ABŞ arasında nüvə danışıqları tərəflər arasında gərginliyin böyüməsi, fikir ayrılıqları və diplomatik prosesin uğursuzluğa düçar olacağı təqdirdə alternativ variantlarla əlaqədar spekulyasiyaların artması fonunda kritik mərhələyə qədəm qoyur.

Teleqraf xəbər verir ki, bu barədə “Sky News Arabia”nın analitik təhlilində deyilir.

İran uranı zənginləşdirmək hüququnda israr edir, sanksiyaların ləğvi üçün konkret təminatlar tələb edərkən, Vaşinqton Tehranın qeyri-real hesab etdiyi şərtləri irəli sürür. Bu kontekstdə qarşılıqlı xəbərdarlıqlar və aidiyyəti tərəflərin aydın mesajları fonunda hərbi variant haqqında söhbət getdikcə artır.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) eskalasiya ssenarilərinə tam hazır olduqlarını açıqlayıb. General Maykl Kurilla açıq şəkildə bildirib ki, “Danışıqlar uğursuz olarsa, ABŞ-nin geniş hərbi seçimləri var. ABŞ Prezidenti Donald Tramp da danışıqların mümkünlüyünə şübhə ilə yanaşsa da, heç bir razılıq əldə edilmədiyi təqdirdə çox pis alternativə eyham vuraraq, müharibə ehtimalına qapı açıb.

Beynəlxalq əlaqələr üzrə ekspert Mühannəd əl-Əzzəvi “Sky News Arabia”ya deyib ki, ABŞ Silahlı Qüvvələri İranla müharibəyə hazırdır.

Analitik hesab edir ki, hazırkı vəziyyət mürəkkəbdir, ABŞ və İrandan verilən hərbi mesajlar siyasi ritorika ilə kəsişir:

“Əlbəttə, ABŞ-nin çəkindirici vasitələri var, amma Donald Tramp hərbi güc tətbiq etməyə meylli olmadığını, siyasi təzyiq və sanksiyalara üstünlük verdiyini iddia edib. ABŞ Mərkəzi Komandanlığı Co Bayden vəzifəsini tərk etməzdən əvvəl hazırlığını artırıb. Qüvvələrin səfərbər edilməsi sadəcə güc nümayişi deyil, hətta əsl niyyət müharibə olmasa belə, faktiki hazırlığın ifadəsidir”.

Əl-Əzzəvinin fikrincə, ABŞ-nin tərəddüdləri Tehrana manevr imkanı verir: “Tətbiq edilməyən təhdid zamanla öz gücünü və təsirini itirir, Tehran bunu yaxşı anlayır”.

Öz növbəsində, siyasi analitik Tom Harb İsrail faktoruna diqqət çəkib.

Harb İsrailin təhlükəsizliyi üçün qəti zəmanət olmadan ABŞ-nin İrana istənilən güzəştinin mürəkkəb qarşıdurmaya qapı açacağını vurğulayıb: “İsrailin təzyiqi hərbi variantı masada saxlamaq və təhlükəsizlik problemlərini həll etməyən hər hansı razılaşmanı əngəlləməklə bağlıdır”.