BAKI, 7 aprel. TELEQRAF
“Xəzər dənizinin səviyyəsi bir çox amillərlə müəyyən olunur və bu, daha çox onun su balansından asılıdır. Su balansının gəlir hissəsini çayların gətirdiyi sular və dəniz səthinə düşən yağıntıların miqdarı təşkil edir”.
Bu sözləri Teleqraf-a açıqlamasında coğrafiya elmləri doktoru, Coğrafiya İnstitutunun Xəzər dənizinin coğrafiyası laboratoriyasının müdiri Səid Səfərov deyib.
O bildirib ki, son günlər ərzində yağıntılar şiddətli olub və həmin ərazilərdə yerləşən çaylarda suyun miqdarı müəyyən qədər artıb:
“Hazırda elə bir fəsildəyik ki, çaylarda sululuğun artdığı dövrdür. Martın sonu, aprelin əvvəli adətən yağıntıların bir qədər artması ilə müşahidə olunur. Bu da həmin ərazilərdən keçən çaylarda suyun miqdarının artmasına səbəb olur. Ancaq nəzərə almaq lazımdır ki, Xəzərə tökülən çayların təxminən 80-85 faizini Volqa çayının gətirdiyi sular təşkil edir. Burada əsas məsələ Volqada suyun artmasıdır. Digər çaylarda suyun artması cüzi də olsa Xəzərin səviyyəsinə təsir edir.
Lakin Xəzər dənizinin səviyyəsinin enməsi elə sürətlə gedir ki, qısamüddətli yağıntılar onun səviyyəsində kəskin artıma səbəb olmur".
S.Səfərov qeyd edir ki, əgər il ərzində Volqa, Kür, Ural və digər çaylarda suyun həcmi nəzərəçarpacaq dərəcədə artsa, o zaman Xəzərin səviyyəsində müsbət dəyişiklik müşahidə oluna bilər:
Bu proses digər aylar və illərdə də davam edərsə, Xəzərin səviyyəsində dəyişiklikdən danışmaq mümkün olar. Hazırda Xəzəryanı ərazilərdə, o cümlədən Dağıstanda və Azərbaycanda yağıntılar artsa da, bu, dənizin səviyyəsinin kəskin artması demək deyil”.