Yevlaxda törədilən ağır cinayətin təfərrüatları məlum olub.

Teleqraf.com-un əməkdaşının verdiyi xəbərə görə, iki ay öncə itkin düşmüş hesab edilən Yevlax rayon Aşağı Bucaq kənd sakini Ofeliya Abdullayevanın meyidi yaşadığı evin həyətində, ayaqyolu üçün qazılan quyudan tapılıb.

Qeyd edək ki, 63 yaşlı Ofeliya Abdullayeva iki ay öncə naməlum şəraitdə itkin düşüb. Aradan ötən müddət ərzinədə onun Bakı şəhərinə getdiyi ehtimal edilib. Lakin 3 gün öncə onun kiçik oğlu Musa Nəsirovun evə dilxor gəldiyini görən həyat yoldaşı ondan bunun səbəbini soruşub. O isə bildirib ki, anasının pensiya kartını düzəltmirlər, bunun üçün ananın özünün olmasını tələb ediblər. Həyat yoldaşı Ülkər isə Musaya deyib ki, qadın pensiya kartı və şəxsiyyət vəsiqəsi səndədirsə, niyə pensiya kartını vermirlər. Gəlinin bu sözlərindən sonra Musanın özünü şübhəli aparması onun gözündən yayınmayıb. Sonradan Ofeliya Abdullayevanın şəxsiyyət vəsiqəsi və pensiya kartını yoldaşının cibində görən gəlin məsələylə bağlı ərinə suallar verib. Gəlinin durmadan suallar veməsindən bezən Musa onu döyüb. Bundan sonra qadının Bakıda olmadığına əmin olan gəlin bu barədə öz valideynlərini xəbərdar edib. Bundan sonra Ülkərin valideynləri polisə gələrək qudaları Ofeliya Abdullayevanın itkin düşməsində kürəkənləri Musa Nəsirovdan şübhələndiklərini bildiriblər. Hadisə yerinə gələn polis əməkdaşları həyətdə axtarış aparıblar. Axtarış zamanı Ofeliya Abdullayevanın meyidi həyətdəki ayayqyolu quyusunda aşkarlanıb. Qeyd edək ki, mərhum Ofeliya Abdullayeva qəhrəman anadır. Onu öldürən Musa isə ananın 10-cu övlad, evin sonbeşiyi olub.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Xalid Salmanbəyli