BAKI, 16 mart. TELEQRAF

Bakıda adam oğurluğunda təqsirləndirilən Ağa Tarverdiyev, Nurlan Zeynalov, Ruslan Məmmədov, Fazil Hacıyevin cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən iclasda hökm elan edilib.

Hökmə əsasən, Ağa Tarverdiyev 11 il, Nurlan Zeynalov 11 il 6 ay, Fazil Hacıyev 5 il 6 ay, Ruslan Məmmədov isə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bundan əvvəlki prosesdə çıxış edən prokuror Nurlan Zeynalovun 13 il, Fazil Hacıyev, Ruslan Məmmədovun və Ağa Tarverdiyev isə 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

İttihama görə, Ağa Tarverdiyev digər müttəhimlərlə əlbir olaraq yetkinlik yaşına çatmayan şəxsi oğurlayıb, qanunsuz girov saxlayıblar.

Daha sonra onun azad edilməsi müqabilində yaxınlarından pul tələb ediblər.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə onlar saxlanılaraq məsuliyyətə cəlb olunublar.

Təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə), 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə və saxlama) maddələri ilə ittiham irəli sürülüb.