BAKI, 6 fevral. TELEQRAF

“İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi tərəfindən güllələnən qadın müəllimin vəziyyətinin ağır olduğu bildirilir.

Teleqraf-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, liseydə riyaziyyat müəllimi kimi çalışan 29 yaşlı Şəhla Kamilova Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

***

10:47

Fevralın 6-da saat 09:00 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş. insident törədib.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, o, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K.-ya xəsarət yetirib.

Polis əməkdaşları tərəfindən Ə.Ş. saxlanılıb. Ondan ov silahı götürülüb.

Faktla bağlı araşdırma aparılır.

***

10:45

“İdrak” liseyi baş verən hadisə ilə bağlı ilk açıqlama verib.

Liseydən Teleqraf-a bildirilib ki, hadisə ilə bağlı dezinformasiyalar yayılır: "Yaxın vaxtda rəsmi məlumat veriləcək".

***

10:34

Bakıda yerləşən “İdrak” liseyində silahlı insident baş verib.

Teleqraf xəbər verir ki, liseyin müəllimi 10-cu sinif şagirdi tərəfindən güllələnib.

Valideynlər hazırda öz övladlarını liseydən götürürlər.

Hazırda hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunub.

Araşdırma başlanılıb.

Qeyd edək ki, bu barədə ilk məlumatı Unikal saytı yayıb.