BAKI, 25 noyabr. TELEQRAF
Fransaya casusluq ittihamı ilə həbs olunan Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanmış cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində J.S. ifadə verib.
O bildirib ki, Martin Ryan ilə 2022-ci ilin sentyabr və oktyabr aylarında tanış olub: " Martinlə Facebook sosial şəbəkəsində tanış olmuşam. O, mənə dostluq göndərdi. Profilinə baxanda ortaq dostlarımızın olduğunu gördüm. Buna görə də dostluq təklifini qəbul etdim. Daha sonra o mənə yazdı, görüşməyə başladıq. O, çox zaman buradakı biznes fəaliyyətindən danışır, ailə quracağını deyirdi.
Bir müddət sonra onun telefonuna zəng çatmadı, buna görə narahat oldum. Onun dostları ilə əlaqə saxlamağa cəhd etsəm də, bu, baş tutmadı. Sonra DTX-yə dəvət olundum, mənə Martinlə bağlı suallar verdilər".
Şahid qeyd edib ki, Martin Ryanın Azərbaycan tərəfindən Fransaya casusluq etməsinin şahidi olmayıb: "Bunu bilsəydim, aidiyyəti quruma özüm məlumat verərdim".
Daha sonra ifadə verən şahid S.Ş. bildirib ki, Fransa səfirliyinin əməkdaşı olmuş Loran Qrarda Badamdarda yerləşən iki mərtəbəli evini kirayə verib: "Onun Fransa səfirliyində nə işlə məşğul olduğunu bilməmişəm. Sadəcə orada işlədiyini bilirdim. Onu makler vasitəsi ilə tanımışam. Evi ona 2 min manata kirayəyə verdim. Kirayə pulunu hər ay evinə gedərək özüm alırdım. Sonuncu dəfə kirayə pulunun vaxtı çatanda yazdım, cavab gəlmədi. Gedərək evin qapısını döysəm də, qapının bağlı olduğunu gördüm. Bununla bağlı Fransa səfirliyinə “e-mail” yazdım. Cavab verildi ki, Loran təcili Fransaya gedib, açarlar səfirlikdədir, tezlikdə təhvil veriləcək. Açarları götürüb evə baxış keçirdim. Evdə şübhəli heç nə görmədim".
Şahid qismində dindirilən R.M. bildirib ki, DTX-də ifadə verib. İfadəsində ona Martin Ryan ilə tanışlığı və Azad Məmmədli ilə bağlı suallar veriblər.
Şahidin sözlərinə görə, Martin Ryan ilə Fransada olan tədbirlərdən birində tanış olub: "Bizim tanışlığımız Diana adlı qadının vasitəsi ilə baş tutdu. Fransada adətən azərbaycanlı tələbələrlə sıx görüşlərimiz olurdu. Amma aradabir Martinlə də görüşmüşəm. Daha sonra ölkəyə qayıtmışam".
Şahidin ifadəsinə görə, onun şirkəti olub: "Bir müddət sonra Martin Azərbaycana gəldi və biz görüşdük. Biz eyni vaxtda bir neçə nəfərlə görüşürdük. Məqsəd o idi ki, həm dili unutmayaq, həm də əlaqələrimiz itməsin. Daha sonra Martin şərab şirkəti açdı, mənim də şirkətim var idi. İşlərimiz yaxşı gedirdi. İşimizi böyütmək qərarına gəldik. Bunun üçün fransız əsilli Gürcüstan vətəndaşı Lüdovik Girod ilə əməkdaşlığa başladıq. O bizə müştəri verməli idi. İşlərimizin böyüməsi üçün ortaq şirkət açdıq. Şirkətə direktor təyin etmək lazım oldu. Həmin vəzifəyə Martini seçdik.
Şirkətin funksiyası verilən sifarişləri çatdırmaqdan ibarət idi. Sonradan hesablarda problemlər yaranmağa başladı. İki ildən sonra şirkəti satmaq istədik. Amma sata bilmədik. Martinlə münasibətim korlandı, iki il görüşmədik ".
Sorğu-sual zamanı şahid bildirib ki, şərabçılıq biznesi ilə bağlı Fransa və İspaniya şirkətləri ilə əlaqə qurublar: "Məsələn, bizə 50 şərab çəlləyi sifariş veriləndə biz həmin sifarişin çatdırılmasını təmin edirdik. Mənim şirkətdə söz sahibliyim yox idi. Çünki şirkətdə 15-20 faiz payım var idi. Həlledici məsələlərdə qərarları mən vermirdim".
R.M. bildirib ki, Martin Ryanın Olqa adlı şəxslə əlaqəsi var idi: "Martin söhbət zamanı Olqanın rus agenti olması barədə şübhələndiyini deyirdi. Lakin mən bunu ciddi qəbul etmirdim".
Şahidə Martin Ryanın casusluq etməsi, başqalarını bu əmələ təhrik etməsi barədə suallar verilib. Şahid sualları belə cavablandırıb: "Mənim bu məsələlərdən xəbərim olmayıb. Mənim Martinlə iki il əlaqəm olmayıb. Əgər məlumatım olsaydı, aidiyyəti strukturlara xəbər verərdim".
Şahid bildirib ki, 2023-cü ilin yay aylarında Bakıdakı kafelərin birində Martin ona deyib ki, Fransa səfirliyinin ağsaçlı əməkdaşlarından biri ona Afrikada hansısa ölkədə fəaliyyət göstərən şəxsə pul köçürməyi təklif edib. Martin həmin ağsaçlı şəxsin kəşfiyyatçı olduğu qənaətində olub.
Şahid həmçinin bildirib ki, 2023-cü ilin yay aylarında Martin onunla görüşüb və görüş zamanı Fransa səfirliyinin əməkdaşlarından biri tərəfindən üzərində “fransız hərfləri” qeydləri olan klaviatura gətirəcəyini deyib.
Martin Ryan həmin şəxslə Bakı şəhərində “Malakan bağı”nda görüşəcəklərini bildirərək ondan oraya birgə getməklərini xahiş edib. O da Martinlə birgə oraya gedib, bir neçə dəqiqə sonra həmin şəxs də oraya gəlib. Görüş zamanı həmin şəxs adını ona bildirsə də,yadında qalmayıb. Fransa səfirliyinin əməkdaşı görüş zamanı Martin Ryana klaviaturanı verdikdən sonra 5-10 dəqiqə Martinin Bakıdakı şərab satışı ilə bağlı söhbət edib.
Fransa səfirliyinin həmin əməkdaşı zahirən sarışın, saqqallı, təxminən 40-45 yaşlarında, orta çəkili, ortaboylu bir şəxs olub (ibtidai istintaq prosesində fotoşəkil üzrə tanınma zamanı şahid R.M. səfirliyin həmin əməkdaşını tanıyıb). Bu görüşdə Ü.Ə. və Z.M. də onların yanında olub. Həmin görüş zamanı təcili işi yarandığından oradan ayrılıb, Martin Ryanla səfirliyin əməkdaşının söhbəti isə davam edib.
Bundan sonra Martin Ryan bildirib ki, onun Azərbaycanda oturum üçün icazəsi olmalı idi: "Bunun üçün də direktor seçildim, aylıq 1500 manat maaş alırdım. Bundan əlavəŞ təminatımı da verirdilər. Əgər mən Gürcüstanda oturum alsaydım, direktor R.M. də seçilə bilərdi".
Növbəti proses 2026-cı il yanvarın 12-ə təyin olunub.
İttiham aktına görə, Martin Ryanın Azərbaycan Respublikasında istehsal edilən silah-sursatlar, 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun komplektləşdirilməsi, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, xaricdə fransız dilində təhsil almış şəxslər, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları və hüquqi şəxslər, Fransa xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan üzərindən digər ölkələrə gizli pul köçürülməsinin təşkili imkanları, Böyük Britaniya, Əlcəzair, Türkiyə, Pakistan, İran, Çin, Somali, Mərkəzi Asiya dövlətləri və digər dövlətlərlə Azərbaycan arasında münasibət və əlaqələr, hərbi əməkdaşlıq planları, Azərbaycana idxal olunan silah-sursat barədə məlumatların əldə edilməsinə dair tapşırıqlar almasına və bu istiqamətlərdə fəaliyyət göstərməsinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər DTX tərəfindən 2023-cü il dekabrın 4-də həbs olunublar. "Merkorama" MMC-nin baş direktoru olan Martin Ryana qarşı AR Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi üzrə ittiham irəli sürülüb. İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib. Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədliyə AR Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb.