Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısını öldürməyi planlaşdırmaqda, terror aktlarına hazırlıq görməkdə və digər ağır cinayətlərdə ittiham olunan Bəhruz Əskərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesə vəkilin qoşulduğu məlum olub. O, Bəhruz Əskərovun hüquqlarını müdafiə edəcək.
Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, Bəhruz Əskərov Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının həyatına sui-qəsd etmək istəyib.
İttihama münasibət bildirən təqsirləndirilən Bəhruz Əskərov ona elan olunmuş ittihamlarla özünü qismən təqsirli bilib.
Dövlət ittihamçısı məhkəmə istintaqının ilk olaraq təqsirləndirilən şəxsin ifadəsi ilə davam etdirilməsini təklif edib.
Amma Bəhruz Əksərovun vəkili məhkəmə prosesinin zərərçəkən və şahidlərin ifadələri ilə davam etdirilməsini istəyib. O bildirib ki, təqsirləndirilən şəxs Bəhruz Əskərov sonda ifadə vermək istəyir. Hakim bu məsələnin növbəti iclasda müzakirə edəcəklərini açıqlayıb.
Növbəti proses dekabrın 3-nə təyin edilib.
Qeyd edək ki, Bəhruz Əskərov respublikanın müxtəlif rayonlarında yaşayan şəxsləri gizli əlaqəyə cəlb edərək onlara Lənkəranın icra başçısının həyatına sui-qəsdin təşkil olunması barədə tapşırıqlar verib.
Həmçinin Bəhruz Əskərovun əlaqəsində olan şəxslərə Azərbaycanın bəzi rayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşına qarşı sui-qəsd həyata keçirməyi tapşırması da təsbit edilib.
Lakin o, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən görülən tədbirlər nəticəsində cinayət əməllərini yekunlaşdıra bilməyib.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən cinayət məsuliyyətinə cəlb olunan Bəhruz Əskərova qarşı Cinayət Məcəlləsinin 28,120.2.1, 28,120.2.10, 28,120.2.11, 28,120.2.12 (qabaqcadan əlbir olan bir qrup şəxs halında milli, irqi, dini ədavət və düşmənçilik zəminində təkrar adam öldürməyə hazırlıq), 28,214.2.1, 28,214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terror aktı törətməyə hazırlıq), 28,214-3.1 (terrorçuluqla əlaqədar təlim keçməyə hazırlıq), 28,277 (dövlət xadiminin həyatına sui qəsd etməyə hazırlıq) və 28,278.1-ci (dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hazırlıq hərəkətləri) maddələri ilə ittiham irəli sürülüb
İş üzrə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı və xarici ölkə vətəndaşı zərərçəkmiş qismində tanınıb.