Rusiya kriminal aləminin lideri, “qanuni oğru” Zaxar Kalaşov (Şakro Molodoy) həbsdən azad edilib.

Teleqraf.com xəbər verir ki, müvafiq qərarı Krasnodar vilayətinin Ust-Labin məhkəməsi verib.

“The Moscow Times”ın yazdığına görə, Şakro Molodoy vaxtından əvvəl azad edilib.

“Qanuni oğru” 2018-ci ildə 9 il 10 ay müddətinə azadlıqdan məhrum olunub. İstintaq materiallarında “Rusiyanın kriminal aləminin lideri” adlandırılır. Kalaşov “qanuni oğru” Aslan Usoyanın (Ded Xasan) ölümündən sonra kriminal aləmdə aparıcı mövqe tutub.

2018-ci ildən hədə-qorxu ilə "külli miqdarda pul tələb etmə" ittihamı ilə cəza çəkirdi, 2027-ci ilə qədər həbsdə olmalıydı.

2015-ci ilin dekabrında Moskvada “Elements” restoranının yaxınlığında atışma olub. Məhkəmə sənədlərinə görə, kriminal qruplaşma Şakronun göstərişi ilə restoranın sahibi Janna Kimdən 8 milyon rubl tələb edib. Bundan sonra məsələ ilə əlaqədar cinayət işi açılıb.

2016-cı ildə həbs olunana qədər Kalaşov Rusiyada üç dəfə müxtəlif işlər üzrə təqsirli bilinib. Gürcüstan Şakro Molodoyu ekstradisiya etməyə çalışıb. “Qanuni oğru” bu ölkədə qətlə görə qiyabi olaraq 18 il müddətinə azadlıqdan məhrum edilib.

Zaxar Knyazeviç Kalaşov 1953-cü il martın 20-də Tiflisdə anadan olub, məlumata görə, kürd-yezidi əsillidir. Postsovet məkanının kriminal dairələrində Şakro Molodoy ləqəbi ilə tanınır. Üç dəfə məhkum olunub. Kalaşovun fəaliyyətinin Rusiyada mütəşəkkil cinayətkarlıqla əlaqəli olduğu bildirilir. İndiyədək Şakroya qarşı ən azı 10 dəfə sui-qəsd cəhdi edildiyi deyilir.