Bakının Xəzər rayonunda bir ailənin üç üzvünün qətlə yetirməkdə, bir üzvünün yaralamaqda ittiham olunan 1976-cı il təvəllüdlü Nofəl Səfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə Nofəl Səfərovə hökm oxunub.
Nöfəl Səfərov ömürlük azadlıqdan məhrum edilib.
İttihama görə, ötən ilin noyabrın 29-da saat 20 radələrində Buzovna qəsəbəsində 1939-cu il təvəllüdlü Elbrus Muradov, oğlu 1971-ci il təvəllüdlü Rahil Muradov, həyat yoldaşı 1945-ci il təvəllüdlü Şahirə Muradova kəsici alətlə qətlə yetirilib, nəvəsi 1997-ci il təvəllüdlü Elbrus Ağalarov isə bədən xəsarəti alıb.
Aparılan araşdırmalarla ailənin keçmiş kürəkəni, 1976-cı il təvəllüdlü Nofəl Səfərovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Səfərov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
Nofəl Səfərov qətlə yetirilən 83 yaşlı Elbrus Muradov və 77 yaşlı Şahirə Muradovanın qızının keçmiş həyat yoldaşı olub.
Nofəl Səfərovun barəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) madələri ilə ittiham elan edilib.