Respublika hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən oğurluq və soyğunçuluq cinayətləri törədən şəxslərin tutulması üçün əməliyyat tədbirləri keçirilib.
Teleqraf.com xəbər verir ki, noyabrın 7-də Bakı şəhər sakini Kənan Məmmədova məxsus mopedi oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Rasim Xəlilov Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Bundan başqa, Bakı şəhər Baş Polis İdarəsi və Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində noyabrın 23-də paytaxt sakini Kamran Məlikova məxsus 2 baş qoyunu oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini Röyal Səfərov saxlanılıb, Bakı şəhər sakini olan daha bir nəfər isə müəyyən edilib.
Onların noyabrın 22-də daha 2 nəfərə məxsus qoyunları oğurlamaları müəyyən edilib.
Oxşar əməliyyatı Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilib. Noyabrın 18-də Bakı şəhər sakini olan bir nəfərin 620 manatını və mobil telefonunu oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini Qafil Əliyev saxlanılıb.
Oğurluq etməkdə şübhəli bilindiklərinə görə saxlanılan Emil Quliyev, Vüsal Abbasov və Kənan Həsənovun ətrafında Kəpəz rayon Polis İdarəsində araşdırma aparılıb.
Onların cari il oktyabrın 8-dən noyabrın 21-dək olan müddətdə Gəncə şəhəri ərazisində 6 evdən təmir-tikinti alətləri, gümüş və məişət əşyaları oğurlamaları üzə çıxıb.
Bundan əlavə soyğunçuluq etməkdə şübhəli bilindiyi üçün saxlanılan Novruz Süleymanovun ətrafında Ağstafa rayon polis şöbəsində araşdırma aparılıb.
Məlum olub ki, Novruz Süleymanov cari il sentyabr ayının 1-də Xətai kəndi ərazisindəki evlərin birindən 150 manat və mobil telefon oğurlayıb.