BAKI, 1 noyabr. TELEQRAF
Almaniyanın paytaxtı Berlində şənbə günü keçirilən etiraz aksiyaları zamanı 60-dan çox şəxs saxlanılıb, 27 polis əməkdaşı xəsarət alıb.
Teleqraf xəbər verir ki, bu barədə Berlin polisi “X” sosial şəbəkəsində məlumat yayıb.
Günorta saatlarında Brandenburq qapısı yaxınlığında keçirilən nümayiş zamanı beş nəfər müvəqqəti saxlanılıb. “Gen Z regelt” (“Z nəsli qərar verir”) gənclər hərəkatının çağırışı ilə təşkil olunan aksiya ümumilikdə dinc şəraitdə keçib.
Lakin daha sonra solçu radikalların yürüşü zamanı çoxsaylı hüquq pozuntuları qeydə alınıb. Polis bildirib ki, 27 əməkdaş yüngül xəsarət alıb, lakin onların hamısı xidmətini davam etdirə bilib.
Məlumata görə, saxlanılanlar arasında əmlaka zərər vurmaqda, bədən xəsarəti yetirməkdə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərməkdə, silah və partlayıcı maddələrlə bağlı qanunları, eləcə də ictimai asayiş qaydalarını pozmaqda şübhəli bilinən şəxslər var.
Paytaxtda ictimai asayişin qorunmasına ümumilikdə 1,5 minə yaxın polis əməkdaşı cəlb olunub.