BAKI, 31 oktyabr. TELEQRAF
Bu gün Fransada keçirilən etiraz aksiyalarında polislə qarşıdurma olub.
Teleqraf xəbər verir ki, yüzminlərlə etirazçının qoşulduğu aksiyalarda polislə toqquşmalar qeydə alınıb.
Alıcılıq qabiliyyətinin azalmasına və bahalaşmaya etiraz olaraq keçirilən nümayişlər zamanı polis 422 nəfəri saxlayıb.
Fransanın daxili işlər naziri Loran Nunyez bildirib ki, razılaşdırılmış etiraz aksiyaları çərçivəsində keçirilən yürüşlər insidentsiz başa çatıb.
Bordo, Tuluza, Renn, Lill, Nant, Marsel və Lion da daxil olmaqla, bir sıra şəhərlərdə vandalizm və talan aktları qeydə alınıb.
Fransa Tələbələrinin Milli İttifaqı etiraz aksiyalarının davam etdiriləcəyini bildirib. Təşkilat noyabrın 2-də universitetlərdə təşkilatlanmağa, həmin ayın 3-də isə ölkə üzrə universitet və liseylərin blokadaya alınmasına çağırıb. Lisey şagirdləri və tələbə birlikləri də qarşıdakı günlərdə təhsil müəssisələrində etiraz aksiyalarının keçirilməsini gündəmə gətirib.
“Sarı jiletlilər” hərəkatı noyabrın 6-da və 7-də etirazların davam etdirilməsinə çağırıb. Bundan əvvəl, noyabrın 5-də həmkarlar ittifaqlarının nümayişlər keçirməsi planlaşdırılır.