Sabiq deputat Dünyamin Xəlilov, Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan Əsgərov, Mənsur Zeynalov və Rauf Əliyevin apelyasiya şikayətləri üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədərliyi ilə baş tutan prosesdə təqsirlənsirilən Ruslan Əsgərov və Seyfulla Seyfullayevin vəkilləri müvəkkillərinin cinayət işində olan dəlillərlə bağlı münasibət bildiriblər.

Onların fikrincə, hüquqlarını müdafiə etdikləri şəxslərin cinayət işi sübuta yetirilməyib. Vəkillər müvəkkilləri barəsində bəraət hökmü istəyiblər.

Daha sonra təqsirləndirilən Fərhad Əmiraslanovun vəkili Həbib Həbibbəyli çıxış edib. O, apelyasiya şikayətini müdafiə etdiyini və müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını tələb edib.

Dünyamin Xəlilovun vəkili Elvin Səlimov da apelyasiya şikayətini müdafiə etdiyini və müvəkkilinin barəsində bəraət hökmünün çıxarılmasını tələb edib. Təqsirləndirilən şəxslərin vəkilləri növbəti məhkəmə iclasında geniş çıxış edəcəklərini söyləyiblər.

Beynəlxalq Bankın nümayəndəsi çıxışında mülki iddianın tam şəkildə təmin edilməsini istəyib.

Məhkəmənin növbəti iclası noyabrın 14-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Dünyamin Xəlilov 13 il müddətinə azadlıqdan məhrum edilib.

Zamində olan Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Mənsur Zeynalov 5 il müddətinə cəza kəsilib. Onlar məhkəmə zalında həbs edilib.

Şakir Musayev, Rauf Əliyev və Ruslan Əsgərov 4 il müddətinə şərti cəza alıb.

Hökmdən narazı qalan Dünyamin Xəlilov və digər təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar bəraət hökmünün çıxarılmasını istəyiblər.

İttihama görə, Dünyamin Xəlilov Azərbaycan Beynəlxalq Bankı ASC İdarə Heyətinin sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyevlə yaxın dostluq münasibətində olub.

O, Səbail Mebel ASC-nin baş direktoru Seyfulla Seyfullayev, Aqora MMC-nin direktoru Fərhad Əmiraslanov, Kondor Qrup MMC-nin direktoru Mənsur Zeynalov və qeyriləri ilə cinayətkar qrup – mütəşəkkil dəstənin tərkibində külli miqdarda özgə əmlakını qəsdlə və təkrar talayaraq mənimsəyib.

Dəstə üzvləri həmçinin Azərbaycan Beynəlxalq Bankına külli miqdarda ziyan vurublar.

Daha sonra təqsirləndirilən Rauf Əliyevin apelyasiya şikayətinin verilmə müddətinin bərpasına görə iş birinci instansiya məhkəməsinə qaytarılması istənilib. Məhkəmə vəsatəti təmin edib. Cinayət işinin birinci instansiya məhkəməsinə qaytarılması barədə qərar çıxarılıb.