Qız qaçırmaqda ittiham edilən Ağcabədi rayon sakinləri – 1994-cü il təvəllüdlü Sadiq Fərzəliyev, 1980-ci il təvəllüdlü Samir Kazımov, 1980-cı il təvəllüdlü Namiq Əhmədov və 1986-cı il təvəllüdlü Bəhruz Abdullayevin işindən prokurorun verdiyi kasasiya şikayətinə baxılıb.
Teleqraf.com xəbər verir ki, Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə baş tutan prosesdə dövlət ittihamçısı tərəfindən verilən kasasiya şikayəti üzrə araşdırma aparılıb.
İttihama görə, Sadiq Fərzəliyev yaşadığı Ağcabədi rayonun Şənlik kəndində həmkəndlisi, 2001-ci il təvəllüdlü Sara Mehdiyevanı (ad və soyad şərti verilib – red.) evlənmək məqsədilə qaçırıb.
Ona bu işdə bacısının əri Samir Kazımov, tanışları - Namiq Əhmədov və Bəhruz Abdullayev köməklik göstəriblər. Hadisə 12 oktyabr 2015-ci il tarixdə baş verib. Həmin vaxt Sara Mehdiyeva orta məktəbin 9-cu sinfində oxuyub.
Kənd sakini Sadiq Fərzəliyev əvvəlcədən planlaşdırlmış şəkildə yaxın dostları Bəhruz Abdullayev, Samir Kazımov və Namiq Əhmədovla əlbir olaraq məktəbdən çıxıb evə gedən Sara Mehdiyevanı zorla avtomobilə mindirərək qaçırıblar.
Sara Mehdiyevanın Sadiq Fərzəliyev və digərləri tərəfindən oğurlanması barədə polisə şikayət edilib. Şikayət əsasında qız onlardan alınaraq ailəsinə təhvil verilib.
Sadiq Fərzəliyev, Samir Kazımov və Namiq Əhmədov Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu), Bəhruz Abdullayev isə 32.5,144.3-cü (adam oğurluğunda iştirakçılıq) maddələri ilə ittiham ediliblər.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sadiq Fərzəliyev 12 il 6 ay, Samir Kazımov 11 il, Namiq Əhmədov 10 il, Bəhruz Abdullayev 11 il müddətinə azadlıqdan məhrum ediliblər.
Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar cəzalarının yüngülləşdirilməsini xahiş ediblər. Həmçinin prokurorluq apelyasiya protesti verib. Prokurorluq təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını istəyib. Tərəflərin şikayətləri bir müddət əvvəl Şirvan Apelyasiya Məhkəməsində araşdırılıb.
Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxslərin ayrı-ayrılıqda verdikləri apelyasiya şikayətləri qismən təmin edilib və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib, təqsirləndirilən şəxslərin barəsində yeni hökm çıxarılıb.
Sadiq Fərzəliyev, Samir Kazımov, Namiq Əhmədov və Bəhruz Abdullayevin cinayət məsuliyyətindən azad olunması barədə hökm elan edilib. Hökmə əsasən, Sadiq Fərzəliyev, Samir Kazımov, Namiq Əhmədovun ittiham olunduğu Cinayət Məcəlləsinin 144.3-cü, Bəhruz Abdullayevin ittiham olunduğu 32.5,144.3-cü maddələri cinayət işi üzrə icraata xitam verilib.
Məhkəmə Sadiq Fərzəliyev, Samir Kazımov, Namiq Əhmədov və Bəhruz Abdullayevin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib. Onlar məhkəmə zalından azadlığa buraxılıblar.
Şirvan Apelyasiya Məhkəməsinin 2016-cı il 1 noyabr tarxili qərarından prokurorun kasasiya protesti təmin edilib.
Apelyasiya instansiyasının qərarı ləğv edilib və iş yenidən araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.