Bakıda evə basqın edən şəxslər saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bir neçə gün əvvəl Xətai rayonunda evlərdən birinə basqın edən şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində daxili işlər orqanlarının əməkdaşları əməliyyat tədbiri həyata keçirib.
Oktyabrın 23-də iki nəfər naməlum şəxs Xətai rayon sakini Viktor Məmmədovun evinə quldurluq niyyəti ilə daxil olaraq onun 2500 manat pulunu və 500 dollar pulunu ələ keçirib hadisə yerindən uzaqlaşıblar.
Xətai rayon Polis İdarəsinə məlumat daxil olan kimi hadisə yerinə əməliyyat-istintaq qrupu yollanıb, mənzilə ekspert-kriminalistlərin iştirakı ilə baxış keçirilib, müvafiq əl-barmaq izləri götürülüb.
Həyata keçirilən tədbirlər nəticəsində cinayəti əvvəllər dəfələrlə məhkum olunmuş şəxslər - Səyavuş Səfiyev və Kamal Fərhadovun törətdiyi müəyyən edilib, onlar saxlanılaraq məsuliyyətə cəlb ediliblər.
Araşdırma zamanı məlum olub ki, dəstə üzvü Kamal Fərhadovun bir neçə il əvvəl də qeyd edilən mənzildən oğurluq edib.
Kamal Fərhadov həmin cinayətə görə məhkum olunub, azadlığa çıxandan sonra tanışı Səyavuş Səfiyevə yenidən həmin evin sahibinə qarşı quldurluq cinayəti etməyi təklif edib.
Saxlanılan şəxslərin ətraflarında həyata keçirilən əlavə tədbirlərlə onların paytaxtın Nizami və Binəqədi rayonlarında quldurluq, Qəbələ rayonunda isə oğurluq cinayəti törətdiyi müəyyən olunub.
Qeyd edək ki, dəstə üzvləri basqın etdikləri evlərə daxil olmaq üçün zərərçəkənlərə özlərini qonşu kimi təqdim ediblər.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.