Qusar rayonunda toyda tanışını öldürməkdə təqsirləndirilən Ramik Aydabəyovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı noyabrın 6-da təyin edilib.
İttihama görə, bu il iyulun 5-də Qusarın Xürel kəndində keçirilən toy mərasimində 46 yaşlı İlqar Ulubəyov 35 yaşlı həmkəndlisi Ramik Aydabəyovla yeyib-içdikdən sonra aralarında mübahisə düşüb.
Bu zaman Ramik Aydabəyov masanın üzərindəki butulkanı əvvəlcə sındırıb, sonra isə şüşə qırıntıları ilə İlqar Ulubəyovun boyun və baş nahiyəsinə xəsarət yetirib. Şah damarından kəsilmiş yara alan İlqar Ulubəyov ətrafdakıların köməkliyi ilə Qusar rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda çoxlu qanitirmədən ölüb.
Ramik Aydabəyov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.