Bərdə rayonunda dəhşətli cinayət baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Şirvanlı kənd sakini Xaliq Məmmədov bıçaqlanıb.

Bədənini müxtəlif nahiyələrindən və boğazından xəsarət alan Xaliq Məmmədov xəstəxanaya çatdırılıb.

Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, hadisə kənd qəbiristanlığında baş verib. Orada Xaliq Məmmədov həmkəndlisi Movlan Cabbarovla mübahisə edib. Onların mübahisəsi qan davası üstündə yaranıb.

Xaliq Məmmədov 2008-ci ildə Mövlan Cabbarovun qardaşı Mehrac Cabbarovu bıçaqlayaraq qətlə yetirib.

Mehrac Cabbarov Xaliq Məmmədovdan davamlı olaraq pul tələb edirmiş. Həmin il aprelin 18-də növbəti dəfə pul istədikdə Xaliq Məmmədov pulunun olmadığını deyib. Bu dəfə Mehrac ona nalayiq söyüşlər söyərək mobil telefonunu istəyib. Qəzəblənən Xaliq Məmmədov Bərdə bazarının qarşısında Mehrac Cabbarovu üstündə gəzdirdiyi mətbəx bıçağı ilə qətlə yetirib.

Bu cinayətə görə Xaliq Məmmədov mühakimə olunub və 10 il azadlıqdan məhrum edilib.

Cəzasını başa vuran Xaliq Məmmədov kəndə qayıdıb. Mövlan Cabbarov qardaşının qatilini kənddən çıxarmaq istəyib. Bu səbəbdən o, Mövlanı söhbət üçün qəbiristanlığa çağırıb. Orada həmkəndlillər arasında mübahisə düşüb. Mübahisə zamanı Mövlan Cabbarov qardaşının qatilinin başını kəsmək istəyib. Amma cinayəti başa çatdıra bilməyib.

Faktla bağlı cinayət işi başlanıb.