Dələduzluqda təqsirləndirilən Ceyhun İbayev, Vüqar Əsədov, Vüqar Güləliyev, Anar İsmayılov və Nicat Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə şahid qismində Gülhüseyn Tahirov ifadə verib.
Şahid bildirib ki, təqsirləndirilən şəxslərdən yalnız Ceyhun İbayevi tanıyır: “Qardaşım həbsdə idi, Bakıya gələrək vəkil tutduq. Dedilər ki, qardaşımın həbsdən azad edilməsi üçün 60 min manat pul lazımdır. Eldənizlə rayona gedib, pulu gətirdik, Ceyhunun evində ona verdik.
Səhərisi gün Ceyhun pulu götürüb, getdi və bizə dedi ki, sizlik iş yoxdur, çıxın rayona gedin. O, bildirdi ki, guya 4 gündən sonra qardaşım həbsdən azad olunacaq, amma sözünün üstündə durmadı”.
Şahid qeyd edib ki, pul veriləndən sonra qardaşı avradı 4 ildi pulu ala bilmir.
Daha sonra şahid qismində digər şahid Eldəniz İsayev dindirilib. Onun sözlərinə görə, təqsirləndirilən Ceyhun İbayev onun dayısıdır: “Onun etdiyi əmələ görə bağışlamıram. Mənə elə söz deyib ki, dayımı bağışlaya bilmərəm”.
Şahid deyib ki, zərərçəkmiş Səriyyə Tahirova Gülhüseyn Tahirovla 60 min manat pulu dayısı Ceyhun İbayevə verib.
Növbəti proses noybarın 7-də davam edəcək.
İttihama görə, Ceyhun İbayev, Vüqar Əsədov, Vüqar Güləli, Anar İsmayılov və Nicat Əliyev bir qrup vətəndaşın etibarından sui-istifadə edərək, onlara qarşı dələduzluq edib.
Həmin şəxslər zərərçəkmiş Səriyyə Tahirovanın həyat yoldaşını həbsdən azad edəcəkləri vədi veriblər. Onlar qadının 147 min manat pulunu ələ keçiriblər.
Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunan təqsirləndirilən şəxslər digər vətəndaşlara qarşı da dələduzluq ediblər.
Onlar iranlı məhkumların İrana ekstradisiya edilməsi üçün pul lazım olduğunu, qarşılığında isə 1 milyon dollar pul qazanacaqlarını, əldə edilən puldan onlara da pay verəcəkləri vədi ilə Aybala Namazovdan 35 min manat, Ədalət Əsgərovdan 115 min alaraq qaytarmayıblar.
Cinayət işində çoxsaylı zərərçəkmiş var.
Xatırladaq ki, Vüqar Güləliyev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) təqaüddə olan polkovnikidir.